Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 15:26

Xəbərlər

Azərbaycanın 10 idmançısı mübarizəyə qoşulur

Tokio Olimpiyadası, Azərbaycan idmançıları, 23 iyul 2021

"Tokio-2020" Yay Olimpiya Oyunlarının ikinci günündə - iyulun 24-də Azərbaycanın 10 idmançısı mübarizəyə qoşulur.
İyulun 24-də Azərbaycan atletləri idmanın 6 növündə güclərini sınayacaqlar. Onlardan 3-ü boksçudur. Tayfur Əliyev (57 kq) vyetnamlı Duonq van Nguyen, Lorenso Sotomoyor (69 kq) gürcüstanlı Eskerxan Madiev, Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşmalıdır.

Kişilər arasında idman gimnastikası yarışlarında isə Azərbaycanı İvan Tixonov təmsil edəcək. Velosiped idmanının şose növündə də Azərbaycan təmsilçisi Elçin Əsədov medallar uğrunda mübarizə aparacaq. Habelə, on metr məsafəyə tapançadan güllə atma yarışlarında da Azərbaycanı Ruslan Lunyov təmsil edəcək.

İyulun 24-də mübarizəyə qoşulan daha 4 idmançı isə cüdo və üzgüçülük növündə çıxış etməlidirlər.

Cüdoda kişilərin yarışında mübarizə aparacaq Kəramət Hüseynov (60 kq) Eşli MakKenzi (Böyük Britaniya) ilə üz-üzə gəlməlidir. Qadın cüdoçu Aişə Qurbanlı (48 kq) isə portuqaliyalı Katarina Kosta ilə qarşılaşmalıdır.

Üzgüçülük yarışlarında da Azərbaycanın iki idmançısı qüvvəsini sınayacaq. Maksim Şemberev 400 metr məsafəyə qarışıq, Məryəm Şeyxəlizadəxangah isə 100 metr məsafəyə batterflay yarışlarında mübarizə aparmlıdır.

Tokio Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi iyulun 23-də keçirilib.

Azərbaycan milli komandası “Tokio-2020”də ümumilikdə 44 idmançı ilə təmsil olunur. Yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan Olimpiya komandası, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb.

Ölkənin Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan Azərbaycan 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.
“Tokio-2020”də ən böyük heyət ABŞ komandasına məxsusdur. Yarışda ABŞ-ı 613 atlet təmsil etməlidir.
Olimpiada avqustun 8-dək davam edəcək.

"Tokio-2020" Yay Olimpiya Oyunları adından da göründüyü kimi 2020-ci ildə keçirilməliydi. Amma koronavirus pandemiyası üzündən təxirə salınmışdı.

Koronavirusdan ölüm sayı 5 mini ötdü

İllüstrativ foto

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 153 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 23-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib.

Qərargahdan bildirildiyinə görə, indiyədək ölkədə ümumilikdə 339 min 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 min 782-i sağalıb, 5002-i vəfat edib, aktiv xəstə sayı 2861-ə yüksəlib.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10 min 448, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 954 min 16 test aparılıb.

Son həftələr ölkədə bu virusa yoluxmada yenidən artım olduğu bildirilir.Dünən iyulun 22-də ölkədə qeydə alınan yoluxma sayının 212 olduğu açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

KİV-ə Dəstək Fonduyla bağlı cinayət işində restoran rəhbərləri də suçlanır

Vüqar Səfərli (sağda) və Nuşirəvan Məhərrəmli. arxiv foto

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru olmuş Vüqar Səfərli iyulun 23-də hakim qarşısına çıxarılıb.

Daha 10 nəfər də onunla birlikdə mühakimə olunur. Məsuliyyətə cəlb edilənlər arasında Fondun mühasibi çalışmış Təhminə Yaqubova, "Jurnalist Evi" MMC-nin direktoru və Bibiheybət qəsəbəsində media nümayəndələri üçün inşa edilmiş binaların keçmiş komendantı Bünyamin İsmayılov, "Altun", "Xəmsə" restoranlarının direktor müavinləri, inzibatçıları və digərləri var.

Təqsirləndirilənlərdən yalnız ikisi - Vüqar Səfərli və jurnalist binalarını inşa etmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov həbsdədir.

Restoranların inzibatçı və rəhbər şəxslərinin suçlanma səbəbinə gəlincə, cinayət işinin materiallarında iddia olunur ki, Fondun "Altun"da, "Xəmsə"də keçirdiyi tədbirlər vasitəsilə yeyintiyə yer verilib. Yəni Fond və restoran rəhbərliyi qarşılıqlı razılıqla sənədləşmədə rəqəmlər bir neçə dəfə artıq göstərilib.

V. Səfərli və digərlərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Fond rəhbərinə dövlət hesabına vəkil verilib. Lakin o, iyulun 23-də məhkəmənin hazırlıq iclasında həmin müdafiəçinin xidmətindən imtina edib. Deyib ki, ailə üzvlərinin müqavilə bağladığı vəkili var.

Cinayət işinin materiallarında yazılıb ki, V. Səfərli və digər təqsirləndirilənlər jurnalistlər üçün binaların tikintisi məqsədilə ayrılmış vəsaiti layihə və smeta sənədlərində şişirdib, işlərin və materialların dəyərini artıq göstərib.

Fond rəhbəri həmçinin daha ağır şərtlərlə icarə müqaviləsi bağlamaqda, öz ailə üzvünün adına təsis olunmuş “Futbol+qol” qəzetinə 2015-2019-cu illərdə 300 min manat ayırmaqda və başqa əməllərdə suçlanır.

Prokurorluğun məlumatına görə, yeyinti və digər cinayətlər nəticəsində vurulmuş maddi ziyanın bir hissəsi istintaq zamanı ödənilib.

V. Səfərli və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

1959-cu il doğumlu V. Səfərli 2009-cu ildə KİVDF təsis olunandan 2020-ci ilədək bu Fonda rəhbərlik edib. O, həbsindən öncə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Fondun fəaliyyətilə bağlı cinayət işi üzrə bir neçə dəfə dindirilib. Həmin ərəfədə verdiyi ifadələrində yeyintilərə yol verməsi haqda suçlamaları qəbul etməyib.

2021-ci il yanvarın 12-də prezidentin fərmanı ilə KİVDF ləğv olunub, onun bazasında Medianın İnkişafı Agentliyi yaradılıb.

Keçmiş nazir səfirlikdən geri çağırılıb 

Vilayət Quliyev, 8 iyul 2009

Azərbaycan Prezidenti İlham Əliyev bu gün, iyulun 23-də

Vilayət Muxtar oğlu Quliyevi bu ölkənin Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

O, Tahir Tofiq oğlu Tağızadəni Azərbaycanın Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Bundan əvvəl Prezidentin başqa bir sərəncamı ilə T.Tağızadə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında, habelə Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırmışdı.

Vilayət Quliyev isə bundan əvvəl Azərbaycanın Polşada səfiri olub, ondan da əvvəl Xarici İşlər naziri vəzifəsində çalışıb.

Prezidenti İlham Əliyev iyulun 23-də Qaley Əliyeviç Allahverdiyevi də Azərbaycanın Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

Prezidentin növbəti sərəncamı ilə İrfan Şakir oğlu Davudov isə Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Türkiyədə yoluxmaların sayı getdicə artır

Türkiyə-Covid 19,maskalı insanlar

Reütersin iyulun 23-də verdiyi məlumata görə son iki həftə ərzində yoluxmaların sayı artaraq 9586 nəfərə çatıb.Bu mayın 19-dan bu yana ən yüksək həddir.

Rəsmi məlumatda 52 nəfərinsə Covid-19 virusundan öldüyü bildirilir.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca əhaliyə xəbərdarlıq edib ki, əgər peyvənd olunmasalar, pandemiya problemi gündəmdən çıxmayacaq.

Amma ümumilikdə aprel-may ayları ilə müqaisədə infeksiyanın xeyli azaldığı müşahidə olunur.Həmin vaxt Türkiyədə gündəlik yoluxmaların sayı 60 min nəfəri ötmüşdü.

İyulun 4-də Türkiyə yoluxmaların sayı, ciddi məhdudiyyətlərə görə azalaraq 4418 nəfərə düşmüşdü. Amma hakimiyyət bundan sonra məhdudiyyətlərin əksəriyyətini qaldırdı.

ABŞ-dan hədiyyə: 24 iyulda Gürcüstan 500 min doza Pfizer alacaq

COVİD-19 əleyhinə peyvənd

Şənbə günü, iyulun 24-də Gürcüstana koronavirus əleyhinə 500 min doza Pfizer/BioNTech peyvəndi alacaq. Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

Gürcüstana peyvənd hədiyyə olunması ilə bağlı qərarı ABŞ hökuməti qəbul edib. Bu barədə iyulun 17-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili məlumat verib.

Bundan əvvəl Gürcüstan hakimiyyəti, ölkəyə bir milyon doza peyvəndin mərhələli çatdırılması ilə bağlı birbaşa Pfizer ilə razılaşma əldə edildiyini elan etmişdi.

Bundan sonra, iyulun 14-də ölkəyə 28 min doza peyvənd gətirilib.

Tokioda Olimpiya oyunları başlayır

Tokio Olimpiya Oyunları

İyulun 23-də Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq.

Məlumata görə, Tokionun Milli Stadionunda baş tutatcaq açılış mərasimində koronavirus infeksiyasının davamlı artması səbəbindən iştirak məhdud olacaq.

Təşkilatçılar şounun təfərrüatlarını açıqlamayıblar, lakin 15 dünya lideri daxil olmaqla təxminən 950 nəfərin 68 min nəfərlik Olimpiya Stadionunu ziyarət edəcəyi bildirilir.

İyulun əvvəlində təşkilatçılar koronavirusa yoluxma hallarının artması səbəbiylə Tokioda yeni bir fövqəladə vəziyyət elan edildikdən sonra olimpiada yarışlarının tribunalarda tamaşaçısız keçiriləcəyini elan ediblər.

Tokioda keçiriləcək Yay Olimpiya Oyunları keçən il baş tutmalı idi, ancaq koronavirus pandemiyası səbəbindən təxirə salındı.

İyulun 22-də Tokioda 1.979 COVID-19 -a yoluxma halı qeydə alınıb ki, bu da yanvar ayının ortalarından bəri ən yüksək göstərici sayılır.

Bu infeksiya, bir neçə idmançı da daxil olmaqla olimpiadada iştirak etmək üçün akkreditə olunmuş təxminən 90 nəfərdə də aşkar edilib.

Bakıda havada tozun miqdarı  normanı 4.3 dəfə keçib 

Bakıda tozlu hava, aprel 2011

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava müşahidə olunur.

Xidmət qeyd edir ki, tozlu hava şəraiti lokal xarakterlidir.

Açıqlamaya görə, buna səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır:

''Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir’’.

212 gündəlik yoluxma aşkarlanıb, 1 ölüm

Son bir gündə Azərbaycanda koronavirus infeksiyasına 212 yeni yoluxma faktı qeydə alınıb

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 212 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 92 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 22-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər də vəfat edib.

Qərargahdan bildirildiyinə görə, indiyədək ölkədə ümumilikdə 339 min 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 min 629-u sağalıb, 4999-u vəfat edib, aktiv xəstə sayı 2646-ya yüksəlib.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7655, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 943 min 568 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Putin və Paşinyan arasında telefon söhbəti olub

Vladimir Putin (sağda) və Nikol Paşinyan (Arxiv fotosu)

Tərəflər regiondakı vəziyyətlə bağlı məsələlərin geniş çevrəsini detallı şəkildə müzakirə ediblər.

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan iyulun 22-də telefon söhbətində erməni hərbi əsirlərin Azərbaycandan qaytarılmasını müzakirə ediblər.

Bu xəbəri Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən TASS xəbər agentliyi yayıb.

Məlumatda deyilir:

"Tərəflər regiondakı vəziyyətlə bağlı məsələlərin geniş çevrəsini detallı şəkildə müzakirə ediblər. Söhbət zamanı habelə 9 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının həyata keçirilməsi müzakirə olunub. O cümlədən əsirlərin qaytarılması və regionda kommunikasiyaların açılması məsələləri müzakirə edilib”.

Bundan bir gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Moskvada Vladimir Putinlə görüşmüşdü.

Prezident: ‘...Qanunsuz istismar edilən qızıl yataqlarımızın təhlili aparılıb’

Onun qeyd etməsinə görə, altı ayın yekunları  göstərir ki, ölkə iqtisadiyyatı 2 faiz artıb

“Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb ”

Bunu Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində deyib.

Onun qeyd etməsinə görə, altı ayın yekunları göstərir ki, ölkə iqtisadiyyatı 2 faiz artıb:

“Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür”.

Sənaye istehsalının 0,3 faiz azaldığını qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) + qrupunun razılaşmasının yerinə yetirilməsidir.

Dövlət başçısı habelə bildirib ki, son beş il ərzində təkcə dəmir məmulatlarının idxalına ölkədən 1,7 milyard manat vəsait gedib. Onun deməsinə görə, bu sahənin inkişafı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalsın.

Azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivinin olduğunu bildirən Prezident İlham Əliyev əlavə edib:

“Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya, bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. ”

Prezident qeyd edib ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir:

“Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur...”

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Zəngilan və Kəlbəcər rayonları daxil. Zəngilan rayonunda Vejnəli, Kəlbəcər rayonunda isə Zod qızıl yatağının mövcud olduğu bildirilir) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dombasda vuruşmuş belarusluya Çexiyada 21 il cəza verilib

Ukrayna

Çexiya apellyasiya məhkəməsi belarusiyalı Aleksey Fadeevi Ukraynanın şərqindəki müharibədə iştirak etdiyinə görə 21 il həbs cəzasına məhkum edib.

Rusiyapərəst separatçıların tərəfində vuruşan 41 yaşlı Belarus vətəndaşı terrorizmdə təqsirli bilinir.

Bu barədə Novinky.cz xəbər verir. Fadeev uzun illərdir Çexiyada yaşayır. Məlumata görə, o, 2014-cü ilin oktyabrından 2016-cı ilin mayına qədər separatçı qrupları dəstəkləmək üçün dəfələrlə Donbasa gedib, separatçı birləşmələrdən birinin silahlı qüvvələrində xidmət edib.

Birinci instansiya məhkəməsi buna görə onu 4,5 il həbs cəzasına məhkum edib. Həmin vaxt məhkəmə Fadeevin döyüşlərdə iştirak etmədiyini və yalnız köməkçi iş gördüyü qənaətinə gəlib.

Lakin prokurorluq bu qərardan apellyasiya şikayəti verib. Müdafiəçisi müdafiə etdiyi şəxsin müharibədə döyüşmədiyini və ittihamların onun üzərindən götürülməsini israr edib. Guya müdafiə etdiyi şəxs cəbhə bölgəsindəki döyüşlərdə iştirak etməyib, sadəcə Ukraynaya mülki əhalini qorumaq üçün gedibmiş.

Qarabağa gedən Rusiya vətəndaşına 10 il həbs cəzası verilib

Eduard Dubakov

Azərbaycanın işğal altındakı ərazilərində hərbi təlimlərə qatılıb, sonra Bakıya gəlib terrora cəhddə suçlanan Rusiya vətəndaşına 10 il həbs cəzası kəsilib. İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə hökm çıxarılıb.

Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti Eduard Dubakovu Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 218 (cinayətkar birliyin tərkibində iştirak) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə təqsirli bilib.

Hakimlər hökmü açıqlamazdan öncə Dubakov məhkəmədə son sözünü deyib. Onun çıxışı qısa olub. Bildirib ki, verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir. O, son sözündə terrorçu olmadığını, Azərbaycan xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etdiyini vurğulayıb.

“Məhkəmənin ədalətinə inanıram...”, - Dubakov son sözünü belə bitirib.

Bir neçə dəqiqəlik müşavirədən sonra açıqlanan hökmə əsasən, Rusiya vətəndaşı ona kəsilən 10 illik azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzası başa çatandan sonra isə Azərbaycandan deportasiya olunması məsələsi də hökmdə əksini tapıb.

E.Dubakov Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı əsasında Azərbaycanda terror və təxribatlar törətmək məqsədilə təlimlər keçməkdə suçlanır. İttihamda göstərilib ki, o, planın icrası məqsədilə 2021-ci ilin yanvarında Bakıya gəlib və bu zaman tutulub.

Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən Kəlbəcər rayonu işğal altında olduğu dövrdə orada hərbi təlimlərə qatıldığını inkar etməyib.

Lakin o iddia edib ki, 2018-ci ildə Belarusla Azərbaycan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub və bu əməkdaşlıq çərçivəsində Ermənistana, Azərbaycanın işğal altında olan ərazilərinə səfərlər edib.

Dubakov eyni zamanda, Rusiya xüsusi xidmət orqanlarıyla da əməkdaşlıq etdiyini söyləyib.

Azərbaycan bəzi jurnalistlərə görə, təzminat ödəyəcək

Avropa Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi ( AİHM ) iyulun 22-də Azərbaycandan göndərilən şikayətlər üzrə bir neçə qərarını elan edib. Qərarlardan 2-si jurnalistlərlə bağlıdır.

Hüquqşünas Xalid Agalyev deyir jurnalistlərlə bağlı işləri onun təmsil etdiyi Media Hüququ İnstitutunun vəkilləri aparıb.

Mahmudov və Ağazadə Azərbaycana qarşı

Hüquqşünasın sözlərinə görə, AİHM “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Mahmudov və əməkdaşı Yaşar Ağazadənin işində hesab edib ki, ərizəçilərin ifadə azadlığı hüququna müdaxilə baş verib.

Qərar qəti olduqdan sonra hökumət ərizəçilərə ümumilikdə mənəvi zərərə görə 2400, xərc və məsrəflərə görəsə 1000 avro ödəməlidir.

Müdafiə tərəfinin bildirməsinə görə, “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı Azərbaycanın siyasi xadimlərindən olan Cəlal Əliyevi ( Prezidenti İlham Əliyevin əmisi) ləkələdiyi iddia edilən məqalədən sonra cinayət məsuliyyətinə alınıblar. Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayətindən sonra Rövşən Mahmudov və Yaşar Ağazadə 2007-ci il mayın 16-da böhtan iddiası ilə məhkum ediliblər.

Onların hər birinə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. 2007-ci ilin dekabrında jurnalistlər əfvlə azadlığa buraxılıblar.

Ərizəçilər AİHM-ə şikayətlərində məqalələrinə görə, cinayət cəzasına məhkum edilmələri ilə ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər.
Azər Əhmədov Azərbaycana qarşı

X.Ağaliyevin bildirməsinə görə, “Azadlıq” qəzetinin direktorunun işində isə AİHM ona münasibətdə şəxsi həyata müdaxilə hüququnun pozuntusuna yol verilməsinə qərar verib. Hökumət A.Əhmədova mənəvi zərərə əvəzi 4500, xərc və məsrəflərə görə isə 2500 avro təzminat ödəməliidr.

Hələlik, bu qərarlara Azərbaycan Məhkəmə-Hüquq Şurası və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.Rəsmilər son illər ölkədə məhkəmə-hüquq sahəsində islahatlar aparıldığını deyirlər.

ABŞ Türkiyəyə qarşı əlavə sanksiyaları tətbiq edə bilər

AB, prezidenti Joe Biden və Türkiyə prezidenti Racep Tayyip Erdogan-NATO sammiti

“ABŞ prezidenti Joe Biden Rusiyadan S-400 hava hücumlarından müdafiə sistemləri aldığına görə, Türkiyəyə qarşı sanksiyaları saxlamaqda qərarlıdır.

Reütersin iyulun 21-də yaydığı məlumata görə, bunu ABŞ-ın adı çəkilməyən yüksək səlahiyyətli diplomatı deyib.

O, həmçinin qeyd edib ki, əgər Türkiyə gələcəkdə Rusuiyadan daha böyük silah sitemləri alacağı təqdirdə Vaşinqtin Ankaraya qarşı daha böyük sanksiyalar tətbiq edəcək.

Qeyd edək ki, Türkiyənin Rusiyadan silah alması və Suriya münaqişəsi də daxil olmaqla son illər Vaşinqtonla Ankara arasında bir sıra fikir ayrılıqları yaranıb.

Vaşinqton hesab edir ki, Rusiya istehsalı olan S-400 raketlərini NATO-nun hərbi sistemi ilə uzlaşdırmaq mümkün deyil.

Vaşinton buna görə Türkiyəyə “F-16” qırıcı təyyarələrin verilməsini də dondurub.

Qeyd edək ki, Türiyə ilə ABŞ NATO ittifaqında yaxın tərəfdaş ölkələrdir.

Qəzada həlak olan Türkmənistan hərbçilərinin sayı 30-a çatıb

Hərbi maşınlar, arxiv foto

Avtomobil qəzasında həlak olan Türkmənistan hərbçilərin sayı ən azı 30 nəfərə çatıb.

AzadlıqRadiosunun Türkmənistan xidmətinin məlumatına görə, hadisə iyulun 18-də olsa da rəsmi qurumlar hələ də qəza haqqında detallı məlumat vermir.

Məlumata görə, hadisə bir neçə hərbi yük maşını "Xalq abidəsi"indən geri dönərkən baş verib. Hərbçilər Qurban bayramı ilə bağlı tədbirdən geri dönürmüşlər.

Vurğulanır ki, xatirə kömpleksini ziyarətdən sonra təpədən aşağı enən hərbi maşınlardan birnin əyləc sistemində proiblem yaranıb və o aşağıda gedən digər maşınlarla toqquşub və sonra aşıb.

AzadlıqRadiosuna danışan digər bir mənbənin verdiyi məlumata görə, qəzadə həlak olanların sayı 30-u keçib. Aralarında 3 zabitin olduğu 20-dən çox hərbçi ağır yaralanıb və hazırda xəstəxanada müalicə olunmaqdadılar.

Şahidlərin sözlərinə görə, qəzanın baş verdiyi yerdə yollar hələ də bağlıdır və ərazidə müəyyən işlər aparılmaqdadır.

Tikinti şirkətinin iki əməkdaşı  minaya düşərək xəsarət alıb

Azərbaycanın mina təmizləyənləri , Füzuli rayonu, 19 noyabr 2020

Xocalı rayonunun işğaldan azad olumuş ərazisində tikinti işləri aparan şirkətin iki əməkdaşı piyada əleyhinə minaya düşüb. Müxtəlif xəsarətlər alan həmin şəxslər xəstəxanaya yerləşdirilib.

İyulun 21-də saat 23 radələrində iki nəfərin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat verilib.
Bu barədə iyulun 22-də Baş Prokurorluq məlumat yayıb.

Məlumatda bildirilib ki, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğu araşdırma aparır.

Rəsmi qurumların açıqlamalarına görə, ötən ilin 10 noyabr razılşmasından bəri minaya düşmə səbəbindən 30 nəfər həlak olub, 100-dən çox Azərbaycan vətəndaşı yaralanıb.

Azərbaycan rəsmiləri Ermənistan rəhbərliyini işğaldan azad edilən ərazilərə aid xəritlərin onlara verilməməsini səbəb göstərərək tez-tez tənqid edirlər.

Bununla belə son aylar Azərbaycanda tutulan Ermənistan hərbi quluqçularının bir qisminin geri qaytarılması əvəzində Ağdam, Füzuli və Zəngilan rayonlarında mina xəritlərinin verildiyinə dair rəsmi açıqlamalar da olub.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

225 gündəlik yoluxma aşkarlanıb, 4 ölüm

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan isə 108 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 21-də habelə bildirildiyinə görə, son bir gündə COVID-19 virusuna yoluxanlardan 4 nəfər vəfat edib.

"İndiyədək ölkədə ümumilikdə 339 min 62 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 min 537 nəfəri sağalıb, 4998 nəfər vəfat edib, aktiv xəstə sayı 2527 nəfərdir"- qərargahdan vurğulanıb.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6593, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 935 min 913 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

İzlənmə siyahısında Fransa prezidentinin də telefon nömrəsi tapılıb

Fransa prezidenti E. Makron, 8 may 2021

Araşdırmaçı jurnalıistlər cəsus proqramı vasitəsilə izləmə siyahısında Fransa prezidentinin də telefon nömrəsini tapıblar. Prezidentin sözçüsü deyib ki, jurnalistlərin aşkarladığı faktlar təsdiqlənərsə bu çox ciddi məsələdir.

Pegasus casus proqramı vasitəsi ilə izləmə hədəfi ola biləcək telefon nömrələrinin siyahısında jurnalistlər Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla ən azı 14 dövlət və hökumət başçısının nömrələrini tapıblar.

Le Monde qəzetinin yazdığına görə, Makronun nömrəsi Mərakeş kəşfiyyat xidmətləri tərəfindən Pegasus ilə sındırmaq üçün mümkün hədəf olaraq tərtib edilən telefon nömrələrinin siyahısında yer alıb.

Siyahıda daha 10-dan çox fransalı nazirin adının da yer aldığı bildirilir. "Forbidden Stories " in rəhbəri Lonard Riçardın sözlərinə görə, siyahı xüsusi xidmət orqanlarının ona daxil olan insanlara olan marağını göstərir, lakin öz-özlüyündə bu hakerlik faktını təsdiqləmir.

Fransa Prezidentinin sözçüsü deyib ki, jurnalistlərin təqdim etdiyi faktlar təsdiqlənərsə, deməli "bunlar açıq-aşkar çox ciddidir".

Siyahıda Makrondan əlavə Cənubi Afrika Prezidenti Cyril Ramafosa, Mərakeş Kralı VI Məhəmməd, Avropa Şurasının sədri Şarl Mişel , Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus da var.

Bundan əvvəl Macarıstan və Azərbaycan jurnalistlərinin, həmçinin öldürülən səudiyyəli jurnalist Camal Kaşoqinin yaxınlarının təsdiqlənmiş izləmə faktı barədə məlumat verilib.

Pegasus, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üçün hazırlanmış bir proqramdır və yalnız dövlət qurumları tərəfindən istifadə edilə bilər. Bu proqram izlənilən insanların smartfon məlumatlarına daxil ola bilir.

Ermənistanın müdafiə naziri istefa verdi

Ermənistanın müdafiə naziri Vagharshak Harutyunian, 20 dekabr ,2020

Ermənistanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Vagarshag Arutyunyan istefa verib.

Bu barədəAzadlıqRadiosunun Ermənistan xidməti iyulun 20-də məlumat yayıb.

Hələlik istefanın səbəbi barədə ətraflı məlumat verilmir.

Arutyunyan müdafiə nazirliyinə ötən il-2020-ci il noyabrın 20-dən rəhbərlik edirdi.

Bunadək o, baş nazirin müşaviri idi.

Bakıda 16 mərtəbəli  binada yanğın-yenilənib

Bakıda yaşayış binasında yanğın, arxiv foto

Yangın söndürülüb

İyulun 20-də Bakının Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

Məlumatda yanğını Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin söndürdüyü qeyd edilir:

"İlkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. "

Fövqəladə Hallar Nazirliyindən "Turan" İnformasiya Agentliyinə isə bildirilib ki, yanğının söndürülməsi, bina sakinlərinin təxliyəsi zamanı iki polis əməkdaşı və onların bir hərbi qulluqçusu tüstüdən boğulma diaqnozu ilə xəstəxanaya çatdırılıb. İki bina sakininin də eyni diaqnoz ilə xəstəxanaya yerləşdirildiyi vurğulanıb.

"Polis əməkdaşları digər bina sakinlərinin həyatını xilas edərək binadan çıxarıblar",nazirlikdən deyilib.

***

Bu gün, iyulun 20-də Bakıda onaltımərtəbəli binada yanğın başlayıb.

Bu barəd Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub :

"İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. "

Rusiyada narkotikdən ölümlər bir ildə 60 faiz artıb

Narkotik-illustrasiya

2020-ci ildə narkotik problemindən ölən rusiyalıların sayı əvvəlki ilə nisbətən 60 faiz artıb.

Bu barədə məlumat Rusiya Statistika Komitəsinin hesabatında yer alıb. Rosstat-ın hesabatında deyilir ki, 2020-ci ildə narkotikdən 7316 nəfər ölüb, bir il əvvəl isə ölüm sayı- 4569 nəfər olub.

Məlumata görə, 2016–2018-ci illərdə Rusiyada hər il 4.4-4.8 min insan narkotikdən həyatını itirib.

Ümumilikdə, 2020-ci ildə Rusiyada xəstəliklə əlaqəli olmayan müxtəlif səbəblərdən 140 minə yaxın adam ölüb ki, burda narkotikdən istifadəyə görə ölənlərin payı 5,2 faiz olub.

Rosstat, narkotik maddələrdən sui-istifadə nəticəsində zehni xəstəliklərdən vəfat edənləri də narkotik ölümləri kateqoriyasına aid edir.

Bu ilin iyun ayında BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsi pandemiya başlayandan bəri dünyada narkotik istifadəsinin artmasına dair bir hesabat yayıb.

Həmin hesabata görə, 2020-ci ildə bütün dünya üzrə narkotikadan istifadə edənlərin sayı 275 milyon olub. Bu da 2010-cu illə müqayisədə 22 faiz artım deməkdir.

Bəzi yerlərdə temperatur 44 dərəcəyə çata bilər

Bakı, arxiv foto

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi, cənub küləyinin əsəcəyi gözlənir.

Abşeronda gecə 24-27, gündüz 35-40, Bakıda gecə 25-27, gündüz 37-39 isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 42-44, dağlarda gecə 15-20, gündüz 30-35 dərəcə isti olacağı bildirilir

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 21-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azaraq Azərbaycan tərəfə keçmiş erməni sakin geri qaytarılıb

Azərbaycan Ermənistan sərhədində yerləşən "Qaragöl"

Ermənistanın Sünik bölgəsində azaraq Azərbaycan tərəfə keçmiş ermənistan sakin geri qaytarılıb.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, yerli sakin öz kombaynı ilə azaraq, Azərbaycan tərəfə-Azərbaycan ordusunun nəzarətində olan əraziyə keçib.

Ermənistan Daxili İşlər nazirliyinin məlumatına görə, Rusiya və Ermənistan sərhədçilərinin vasitəçiliyi ilə kombayn və erməni sakin geri qaytarılıb.

Qurban bayramını qeyd edirlər

Azrxiv foto

Bu gün, iyulun 20-də Azərbaycan müsəlmanları Qurban bayramını qeyd edirlər.

2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Azərbaycan Nazirlər Kabinetinin Qərarına əsasən, bu il Qurban bayramı iyulun 20-si, 21-də qeyd edilir.

Qurban bayramı ilə əlaqədar ümumilikdə 4 gün - 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul - ardıcıl qeyri-iş günləridir.

İslam qaydalarına görə, bu bayramda hər bir müsəlman ailə qoyun (qoç), dəvə və ya keçi kəsməlidir. Həmin heyvanın ətinin bir hissəsinin yetimlərə, imkansız ailələrə, bir hissəsinin də yaxınlara paylanması tövsiyə edilir.

Davamı

XS
SM
MD
LG