Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Dekabr, bazar, Bakı vaxtı 22:14

Həbsdə olan cəbhəçi: 'Bərbad vəziyyətdəyəm, təhlükə altındayam'


Zamin Salayev

Həbsdə quru aclıq etdiyi deyilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayevin vaxtından əvvəl şərti azadlığa buraxılmasıyla bağlı ərizəsinə baxılıb. Cəbhəçi Xəzər rayon Məhkəməsində keçirilən iclasa saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsindən videokonfrans yoluyla qatılıb.

Müəssisədə üzləşdiyi təzyiqlərə, rüşvət hallarına etiraz olaraq avqustun 3-dən aclığa başladığını, iki gündür hətta su da qəbul etmədiyini deyən Salayev həyatının təhlükə altında olduğunu vurğulayıb.

"Siz hakimin ixtiyarındadırsa..."

"Yəqin ki, bu dediklərimə görə məhkəmədən sonra mənə yenə işgəncə verəcəklər. Mən burada bərbad vəziyyətdəyəm, təhlükə altındayam. Xahiş edirəm, lazımi orqanlara məlumat verin", - Salayev vəkilinə deyib.

Vaxtından əvvəl buraxılmasına gəlincə, AXCP fəalı bildirib ki, o, siyasi baxışlarına görə sifarişlə həbs olunub. Azadlığa buraxılması da hakimdən yox, siyasi iradədən asılı məsələdir: "Əgər siz hakimin ixtiyarındadırsa, xahişim odur ki, məni azad eləyəsiz. Bunu eləsəniz, "sağ ol" deyib çıxıb gedərəm. Amma bilirəm ki, həbsim sifarişli olduğu kimi, buraxılmağım da sizdən asılı deyil. Sizinlə də şəxsi ədavətim yoxdur".

Vəkili Elçin Sadıqov xatırladıb ki, Salayev yaşadığı Salyan rayonunda polis əməkdaşının şikayəti əsasında böhtan və təhqir kimi əməllərdə suçlanaraq məhkum edilib. Hökmü əsassız hesab etdiklərini və yuxarı instansiya məhkəmələrinə şikayətlər verildiyini vurğulayan müdafiəçinin sözlərinə görə, hətta əsaslı olsaydı belə, bu əməl zorakılıqla bağlı deyil. Salayevin vaxtından əvvəl həbsdən buraxılması cəmiyyət üçün təhlükə yaratmır: "Cəzaçəkmə müəssisəsinin onunla bağlı mülahizəsi qərəzlidir".

Daxili rejim qaydalarını pozduğu deyilir

Müəssisə rəhbərliyi də məhkəmə prosesinə qoşulub. İddia edib ki, Salayev həbs olunduğu ilk günlərdən daxili rejim qaydalarını mütəmadi pozub. Bu üzdən onun haqqında dəfələrlə tənbeh qərarları çıxarılıb: "Hazırda da qüvvədə olan cəzası var. Bütün bu xüsusiyyətləri nəzərə alaraq, vaxtından əvvəl şərti azad edilməsi məqsədəuyğun hesab olunmur".

Hakim Əkrəm Qəhrəmanov da onun həbsdən buraxılması haqda ərizəsini təmin etməyib.

Vəkil Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, Xəzər rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

Salayevin aclıq etməsi haqda deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Məhkumlara qarşı təzyiqlər, rüşvət halları haqda iddialara gəlincə, qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bundan öncə bildirilib ki, bu barədə şikayəti olan məhkum və ya onun ailə üzvləri Qaynar Xəttə zəng edib şikayətini çatdıra bilər: "Dərhal şikayətlər araşdırılır".

Xatırlatma

Zamin Salayev 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi.

Ardından polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. Qadın polisin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.

XS
SM
MD
LG