Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Dekabr, bazar, Bakı vaxtı 20:56

Həbs edilən rəis 4 milyon ödəyib


Zakir Sultanov

5 milyon manatdan artıq büdcə vəsaitinin yeyintisində suçlanan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov bu ziyanı ödəyib. Bunu Sultanovun vəkili avqustun 6-da onun məhkəməsində deyib. Vəkilin sözlərinə görə, bunun 4 milyon manatı nağd pul şəklində ödənilib. Sabiq Xidmət rəisinin 600 min dollarlıq, 130 min, 10 min və 20 min manatlıq əmlaklarının üzərinə də məhkəmə qərarıyla həbs qoyulub.

Ev dustaqlığına buraxılmayıb

Müdafiəçi ziyanın ödənilməsini nəzərə alaraq, Sultanovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini, onun ev dustaqlığına buraxılmasını istəyib.

2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramovla birlikdə tutulan Sultanov o vaxtdan bu qurumun istintaq təcridxanasında saxlanılır. Bu ilin mayında sabiq nazir müavininin işi məhkəməyə göndəriləndə Sultanovun işi ayrıca icraata götürülmüşdü. Onların hər ikisinin işinə hazırda ayrı-ayrılıqda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Prokuror Sultanovun ev dustaqlığına buraxılmasına etiraz edib. Deyib ki, şahidlərə təsir göstərə bilər və s.

Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası da onun həbsdən buraxılmasını məqsədəuyğun saymayıb.

DTX-dan Kürdəxanıya

Müdafiə tərəfinin daha bir vəsatəti sabiq Xidmət rəisinin DTX-dan Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürülməsi haqda olub. Məhkəmə bu vəsatətə müsbət cavab verib.

Avqustun 13-dən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində iddia olunan yeyintilərlə bağlı dindirmələr aparılacaq.

Sultanov CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Mədəniyyət nazirinin rüşvət almaqda suçlanan keçmiş müavini Rafiq Bayramovun mühakiməsi də yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb və prokuror ona 10 il həbs cəzası verilməsini təklif edib. Sabiq nazir müavini özünü təqsirli bilmir.

XS
SM
MD
LG