Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:24

Sağlığında ölmüş kimi rəsmiləşdirilib, torpağı mənimsənilən ahıl qadınlardan biri vəfat edib


Xumara Şabanova (solda ) və Əzizxanım Atayeva

Növbəti məhkəmə proseslərində zərərçəkmişin hüquqi varisi qismində Şabanovanın oğlu çıxış edə bilər. Yaxınlarının dediyinə görə, bunun üçün məhkəməyə ərizə veriləcək.

Bakının Türkan qəsəbəsində sağ olduğu halda, illər öncə ölmüş kimi rəsmiləşdirilərək, dəniz sahilində 25 sot torpaq sahəsi özündən xəbərsiz satılan ahıl qadınlardan biri Xumara Şabanova vəfat edib. Bu barədə AzadlıqRadiosu-na onun yaxınları məlumat verərək bildirib ki, 91-yaşlı Şabanovanın son vaxtlar sağlıq durumu pisləşmişdi. Xeyli vaxt idi ki, o, torpaq sahələrinin ələ keçirilməsilə bağlı məhkəmə iclaslarına da gedə bilmirdi:

“Son günlər vəziyyəti lap ağırlaşmışdı, noyabrın 25-də vəfat etdi. Ölümündən əvvəl dəfələrlə təkrarlayırdı ki, o boyda əmlakımı, atasız böyütdüyüm uşaqlarımın haqqını mənimsədilər, işin üstü açılandan sonra da gəlib halallıq istəmədilər”.

Nəsirov ev dustaqlığındadır

Türkan sakinlərinin əmlakını saxta sənədlərlə ələ keçirib satmaqda suçlanan beş nəfərin işinə aylardır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bunlar Xəzər rayonunun icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov, onun müavini olmuş Eldar Mirzəyev, eləcə də Çingiz Səfərov və Daşqın Nəsirovdur. Təqsirləndirilən 5 nəfərdən ikisi – Babayev və Səfərov həbsdədir. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Nəsirov əvvəl

bu işə görə axtarışda olub, 2020-ci ilin dekabrında həbs edilib. Lakin 4 ay sonra səhhətində problemlər olması əsas gətirilərək, ev dustaqlığına buraxılıb.

Saxta sənədlərlə dəniz sahilində ümumilikdə 1.12 hektar torpaq sahəsinin mənimsənildiyi iddia olunan yaşlı qadınlar – Əzizəxanım Atayeva və Xumara Şabanova bu iş üzrə zərərçəkmiş qismində tanınıb.

Şabanovanın yaxınları deyir ki, bundan sonra məhkəmə prosesində onun oğlu Dəyanət Şabanovun zərərçəkmişin hüquqi varisi qismində tanınması üçün məhkəməyə ərizə veriləcək.

Çıxarış necə verilib

Sözügedən məhkəmə prosesi 7 aydır ki, davam edir. Noyabrın 26-da keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəis müavini Eldar Mirzəyev ifadə verib. Zərərçəkmişlərə məxsus torpaq sahələrinə onların xəbəri olmadan mülkiyyət hüququna dair çıxarış alınıb. Bu barədə danışan Mirzəyev deyir ki, həmin torpaq sahələrinə çıxarış almaq üçün 1 saylı Bakı Ərazi İdarəsinə o ərazilərin icarə müqavilələri və nortarial qaydada təsdiqlənmiş məktublar təqdim edilmişdi. Onlar da həmin sənədlərə əsaslanaraq, çıxarış veriblər.

Mirzəyevin məhkəmədə dediklərilə istintaqa ifadəsi arasında ziddiyyətlər olduğuna görə onun prokurorluqdakı ifadəsi elan edilib. Həmin ifadədə yazılıb ki, sözügedən çıxarışların verilməsi üçün idarənin rəisi, hazırda təqsirləndirilən şəxslər arasında Zəfər Abdulovdan göstəriş gəlib: “Rəhbərim olduğu üçün onun tapşırığına əməl eləmişəm”.

Lakin o, istintaqa ifadəsini təsdiqləməyib. Mirzəyevin vəkili deyib ki, o, istintaqda müdafiəçisi olmadan dindirilib.

Bu iş üzrə məhkəmə araşdırmaları dekabrın 10-da davam edəcək.

Xatırlatma

Adları çəkilən 5 nəfərdən əlavə, bu işdə təqsirləndirilən daha iki nəfər də var. Bunlar Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və qəsəbədə torpaq alqı-satqısıyla məşğul olmuş Qərib Nadirovdur. Ağayev axtarışa verilib, Nadirovun işinə isə ayrıca icraatda baxılır.

Cinayət işinin materiallarında iddia olunur ki, torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Çingiz Nəsirovun təhriki ilə sabiq icra nümayəndəsi və bələdiyyə sədri, eləcə də Dövlət Reyestr Xidmətinin vəzifəliləri əlbir olub. Nəticədə Türkan qəsəbəsində dəniz sahilində yerləşən, Atayeva və Şabanovaya məxsus ümumilikdə 1.12 hektar torpaq sahəsi saxta sənədlərlə qanunsuz satılıb. İstintaq saxta sənədlərlə satılmış torpaq sahələrini 190 min manat dəyərləndirib.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Təqsirləndirilən şəxslərdən yalnız Səfərov özünü sənədlərin saxtalaşdırılması ittihamı üzrə qismən təqsirli bilir, qalan ittihamları qəbul etmir. Digərləri isə ittihamların heç biri ilə razılaşmır.

XS
SM
MD
LG