Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 15:27

Qazpulu ödəməyənlərə ucuz çörək yoxdur


Türkmənistanda ərzaq mağazası

Türkmənistanın şərqindəki Lebap rayonunun sakinlərindən qaz ödənişindən borcu olanlara güzəştli qiymətlərlə ərzaq verilməcəyi bildirilib.

AzadlıqRadiosunun yerli müxbirləri bildirirlər ki, qaza borcu olanların əksəriyyəti aşağı gəliri və ya əlilliyi olan şəxslərdir.

Bu da deyilir ki, qazpulu ödəməyənlərin evlərinə qazın verilməsi dayandırılır.

Hökumət habelə borcunu israrla ödəməyənlərin mülkiyyətinin müsadfirə edilə biləcəyi ilə hədələyir.

Müxbirlər qeyd edirlər ki, bu tədbirlərsiz də ölkədə iqtisadi durum ağırlaşmaqda davam edir.

İşsizlik artır, dərman və ərzaq qıtlığı davam edir, pensiya və maaşların verilməsi aylarla ləngidilir.

Güzəştli qiymətlər üzərində qurulmuş hakimiyyət

Hökumətin tənqidçiləri və insan haqları müdafiəçiləri deyirlər ki, fərqli düşüncəni və azalıqları sərt şəkildə boğan avtoritar prezident Qurbanqulı Berdımuxammedov Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gəlsə də, ölkədə çox az dəyişiklik baş verib.

O da xələfi kimi öz hakimiyyətini əhalini güzəştli qiymətlərə əsas ərzaq məhsulları ilə təchiz etməklə qoruyub saxlayıb. Uzun illər Türkmənistanda kommunal xərclər də minumum həddində olub.

Lakin ölkədə iqtisadi durumun ağırlaşması ilə əlaqədar hökumət bu güzəştləri artıq edə bilmir.

Bunun nəticəsində ölkədə subsidiyalı ərzaq məhsullarına ehtiyacı olanların sayı ildən ilə artıb.

Bəzən toyuq budu da olur

Hazırkı qaydalara görə Türkmənistanda əsas ərzaq məhsulları məhdud miqdarda güzəştli qiymətlərlə satılır. Ərzağın öz qiyməti isə son illərdə xeyli bahalaşıb.

Ərzaq rasionuna görə Türkmənistanda hər bir müştəri güzəştli qiymətlə ayda bir litr pambıq və ya günəbaxan yağı, bir kilo şəkər və bir kilo düyü ala bilər. Güzəştli qiymətlərlə ərzaq satan xüsusi dövlət mağazalarında bəzən toyuq budu və yumurta da olur.

Türkmənistan dünyanın dördüncü ən böyük təsdiq olunmuş qaz ehtiyatına malik olsa da, ölkə əhalisi kifayət qədər yoxsuldur.

Vəziyyəti koronavirus pandemiyası daha da mürəkkəbləşdirib. Lakin Türkmənistan koronavirus pandemiyasının mövcudluğunu inkar edən azsaylı ölkələrdən biridir.

Human Rights Watch beynəlxalq insan haqları təşkilatının hesabatında deyilir ki, Berdımuxammedovun ailə üzvləri və yaxınları ölkənin bütün siyasi-ictimai həyatı üzərində nəzarətə malikdirlər.

XS
SM
MD
LG