Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:04

‘Komsomol keçmişinə’ görə ABŞ-da yüksək vəzifədən imtina etməli oldu


Saule Omarova

O Senatın Bank Komitəsinin iclasında həm də peşəsi ilə əlaqədar olmayan suallara cavab verməli olub

Moskva Dövlət Universitetinin məzunu, iqtisadçı Saule Omarova ABŞ prezidenti tərəfindən nominasiya edildiyi yüksək dövlət vəzifəsindən imtina etməli olub.

Ağ Ev bildirir ki, administrasiya tərəfindən ABŞ Maliyyə Nazirliyinin valyuta nəzarəti idarəsinin rəhbəri vəzifəsinə namizədliyi verilmiş xanım Omarova ABŞ Senatının komitəsində respublikaçı və demokrat millət vəkillərinin son dərəcə sərt sualları ilə üzləşib.

Omarovanın tərəfdarları onun ksenofobiya ilə üzləşdiyini iddia edirlər.

55 yaşlı Omarova Qazaxıstanın Uralsk vilayətində doğulub. O MDU-da oxuduğu illərdə o vaxt çox nüfuzlu sayılan “Lenin stipendiyası” alıb.

1991-ci ildə ABŞ-a mühacirət etmiş Saule Omarova hazırda ən yüksək reytinqlərə malik Kornell Universitetinin professorudur.

Omarovanın bütün ABŞ bank sistemini tənzimləyən vəzifəyə namizədliyi ABŞ Senatı ilə razılaşdırılmalıydı.

Saule Qazaxıstandakı orta məktəbdə
Saule Qazaxıstandakı orta məktəbdə

“Sizə “professor” deyək, yoxsa “yoldaş”?

O Senatın Bank Komitəsinin iclasında həm də peşəsi ilə əlaqədar olmayan suallara cavab verməli olub.

Məsələn Omarovadan onun Komsomol üzvlüyündən çıxıb-çıxmadığı soruşulub.

Senator Pet Tumi oktyabrın 5-də Omarovaya yazdığı məktubda ondan MDU-dakı diplom işinin surətini tələb edib.

Ertəsi gün onu komitədə tənqid edən senator xatırladıb ki, diplom işinin adı “Karl Marksın iqtisadi təhlili və “Kapital” əsərində inqilab nəzəriyyəsi” olub:

“Xanım Omarovanı xüsusilə də solçu ideyalarına görə tərifləyirlər. Onun özü bu ideyaları “radikal” adlandırıb. Biz bu fikirlə razıyıq. Bunlar çox radikal ideyalardır. Mən federal hökumətdə vəzifəyə bundan daha radikal namizəd görməmişəm. Bilirəm ki, dediklərim ağır sözlərdir. Amma bu, mənim mövqeyimdir”.

Senator Con Kennedi isə sentyabrın 18-də keçirilən dinləmədə maraq edib ki, Omarovaya “professor”, yoxsa “yoldaş” deməlidir.

Senator namizədə bir neçə dəfə “yoldaş” deyə müraciət edib.

“Solçu baxışları” ilə tanınıb

Omarovanı bu vəzifəyə nominasiya etmiş Co Bayden namizədin “nəzakət qaydalarından kənara çıxan” şəxsi hücuma məruz qaldığını deyib:

“Mən Sauleni bu vəzifəyə onun maliyyə tənzimləməsi sahəsindəki dərin biliklərini, habelə dövlət və özəl sektordakı uzunmüddətli təcrübəsini nəzərə alaraq nominasiya etmişəm”.

Omarovanı dəstəkləyənlər iddia edirlər ki, onun ədalətsiz tənqidi milli mənşəyi və ya qadınlığı ilə bağlı ola bilərdi.

Amma bir sıra iqtisadiyyat nəşrləri yazırdılar ki, Saule Omarovanın bank sisteminə baxışları bu sahədə olanların narahatlığına səbəb olub.

Məsələn o amerikalıların özəl banklarda əmanət saxlamasının əleyhinə çıxır və bildirirdi ki, vətəndaşlar üçün dövlət Federal Ehtiyat Sistemində hesablar açılmalıdır.

The Wall Street Journal onun barəsində yazdığı məqaləyə belə sərlövhə qoymuşdu: “Banklara nifrət edən bank tənzimləyicisi”.

Omarovanın özü isə Ağ Evin kadrlar şöbəsinin başçısı Ketrin Rasselə yazdığı məktubda namizədliyinin bundan sonra da irəli sürülməsində məna görmədiyini bildirib.

O məktubda ona prezident və administrasiya tərəfindən göstərilmiş etimada görə təşəkkürünü bildirib.

XS
SM
MD
LG