Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Dekabr, bazar, Bakı vaxtı 20:19

Rusiya Türkiyə ilə hava əlaqəsini bərpa edib, amma...


Antalya

İyunun 22-dən Rusiya ilə Türkiyə arasında hava əlaqəsi bərpa edilib. Həm adi, həm də çarter reyslərinə icazə verilib. İlk təyyarələr Antalya, Bodrum və Dalamana uçub. Bundan əvvəl Rusiyanın istehlaka nəzarət, səhiyyə və turizmə cavabdeh olan dövlət qurumlarının əməkdaşları Türkiyəyə təftiş səfərinə gediblər.

Aparılan təftişin nəticələrində deyilir ki, Türkiyədə insanlar maska rejiminə riayət edirlər, hava limanları və iri otellərdə PCR testi laboratoriyaları fəaliyyət göstərir. Otel və restoranların işçi heyətinin 60-90 faizinə peyvənd vurulub. Xəstəlik sayları da Rusiyadakı ilə müqayisədə kökündən fərqlidir. Türkiyədə xəstəlik saylarının pik həddi aprelin 16-na təsadüf edir. O zamandan bəri bu say sabit aşağı enməkdədir. Hazırda gün ərzində 6 min yoluxma halı qeydə alınır.

70 milyard rubl

Aprelin 15-də Rusiya Türkiyə ilə hava əlaqəsini dayandıranda bu ölkə rusiyalıların əsas istirahət yeri və rusiyalı səyahətçilərin dünyaya əsas pəncərəsi idi. Rusiya turizm operatorlarının dəyərləndirməsinə görə, bu qadağaya görə ölkə şirkətləri 1.5 milyona qədər rusiyalı qarşısında öhdəliklərini yerinə yetirə bilməyiblər. Bu isə 70 milyard rubl (960.4 milyon dollar) deməkdir. Yolların açılmasından sonra Türkiyə kurortlarına ilk gedənlər aprel-iyun aylarına bunu edə bilməyənlər olacaq.

Ancaq hazırda Rusiyada koronavirus mənzərəsinin ürəkaçan olmadığı nəzərə alınsa, Türkiyə hökuməti yeni məhdudiyyətlər haqda düşünə bilər.

Hazırda Rusiyada COVID-19 vaksinasiyası haqda sertifikat vasitəsilə təyyarə biletlərinin dövlət xidmətləri portalından onlayn alınması məsələsi müzakirə olunur. COVID-pasportlar haqda qərarların yaxın zamanlarda qəbul ediləcəyi istisna olunmur. Avropada COVID-pasportlar artıq iyulun 1-dən fəaliyyətə başlayır.

Avropanın tanımadığı vaksinlər

Maraqlıdır ki, "Sputnik" vaksini Avropa tibb agentliyinin qeydiyyatından keçməyib. Rusiya istehsalı olan digər vaksinlərdən isə söhbət belə getmir. "Reuters" agentliyi "Sputnik"in qeydiyyatının ləngiməsinin siyasi səbəblərlə bağlı olmadığını bildirib. Agentliyin xəbərində deyilir ki, Rusiya istehsalçıları agentliyə təqdim etməli olduqları sənədlərin vaxtını ötürüblər. Buna görə də qeydiyyat azı sentyabra qədər təxirə düşüb.

Rusiyada aşkarlanan halların yarıdan çoxu paytaxt Moskvanın payına düşür. 10 gün əvvəl paytaxtda yoluxanların günlük artımı 9 mini keçmişdi. Üstəlik, bu, rekord qıraraq bütün pandemiya müddətində ən yüksək rəqəm olmuşdu. Prezident Vladimir Putin mayın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə vaksinasiyadan danışarkən belə demişdi: "Fikrimcə, məcburi vaksinasiya tətbiq etmək məqsədyönlü deyil və olmaz. Vətəndaşların özləri bu zərurəti anlamalıdırlar".

Könüllü-məcburi vaksinasiya

İqtisadçı Maksim Blant AzadlıqRadiosunun rus xidmətinə yazdığı məqalədə bu fikirlərin ölkədə hakimiyyəti bütövlüklə öz əlində cəmləşdirmiş şəxsə aid olduğuna diqqəti çəkir. O qeyd edir ki, Moskva və Moskvaətrafı da daxil olmaqla ölkənin bir çox regionunda bir çox şirkətlərdə vaksinasiya könüllü-məcburi hal alıb.

Dünyada ilk koronavirus vaksininə imza atması ilə fəxr edən Rusiyanın hökuməti vətəndaşların vaksinasiyası kampaniyasını fiaskoya uğradıb.

Yazıda deyilir ki, ABŞ-da əhalinin 52, Kanadada 62, Almaniyada 47, Fransada 41, İtaliyada 45, Monqolustanda 56, Rusiyada isə cəmi 13 faizinə vaksin vurulub.

Hazırda Avropada məhdudiyyətlərin aradan qaldırılması müzakirə olunur. İyunun 18-i Almaniya Kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Avropa ölkələrini virusun yeni ştammlarından qorunmaq üçün sərhədlərin açılması ilə bağlı qərarları koordinasiya etməyə çağırıblar. Moskva meri Sergey Sobyanin paytaxtda yeni yoluxanların 90 faizində virusun yeni Hindistan ştammının tapıldığını deyib.

XS
SM
MD
LG