Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:17

Mərhum deputatın xanımı: 'Həyat yoldaşım Heydər Əliyev Fonduna 50 mənzil bağışlamışdı'


Rəfael Cəbrayılov

Mərhum deputat Rəfael Cəbrayılovun həyat yoldaşı qaynı Elşən Cəbrayılovun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Aidə Cəbrayılova hesab edir ki, mərhum ərinin müflisləşməsi, daha sonra həbs olunmasının səbəbkarı onun qardaşı olub. Cəbrayılovanın sözlərinə görə, ərinə qarşı cinayət işində zərərçəkmiş qismində tanınan adamların pulunu alıb aldadan, əslində, Elşən Cəbrayılov olub.

Sabiq deputatın ölümündən sonra onun haqqındakı cinayət işinə baxan məhkəmə Rəfael Cəbrayılovun hüquqi varisi kimi onun həyat yoldaşını tanıyıb. Dekabrın 2-də məhkəmədə Cəbrayılova vəsatət qaldırıb ki, cinayət işi istintaqa qaytarılsın, Elşən Cəbrayılov da prosesə cəlb edilsin.

"Tikinti biznesini davam etdirir"

Hüquqi varis iddia edir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində mərhum əri haqqında istintaq obyektiv aparılmayıb, bir çox şəxslər qəsdən məsuliyyətdən kənarda saxlanıb.

"Rəfael Cəbrayılov ifadəsində də, vəsatətində də göstərib ki, Elşən vergi orqanlarının əməkdaşlarıyla əlaqəyə girib 7 milyon manat vergini ödəməkdən yayınıb. Lakin bu fakt korrupsiyaya qarşı mübarizə aparmalı olan orqan tərəfindən araşdırılmayıb. Şirkətin təsisçisi və direktoru olmuş Elşən Cəbrayılov qardaşından gizli pul və əmlakları mənimsəyərək onu ağır maddi duruma salıb. Özü isə bu gün də Azərbaycanda, Türkiyədə, Macarıstanda tikinti biznesini davam etdirir", – Cəbrayılovanın sözləridir.

Həyat yoldaşının sözlərinə görə, Rəfael Cəbrayılovun qardaşıyla birlikdə idarə etdiyi "Dərhal" MMC-nin inşa etdiyi binalardan 50 mənzil 2016-cı ildə Heydər Əliyev Fonduna kömək məqsədilə verilib. Həmin mənzilləri Fond məcburi köçkünlərə paylayıb. 2015-ci ildə ardıcıl iki devalvasiyanın şirkətin fəaliyyətinə ağır təsir göstərdiyini vurğulayan hüquqi varis deyir ki, mərhum əri şirkətin vəziyyətini yaxşılaşdırmaq üçün müxtəlif adamlardan yüksək faizlə pul götürməyə məcbur olub.

"Cinayət işinə xitam verilsə..."

Zərərçəkmiş qismində tanınanlardan biri də Cəbrayılovların tikinti şirkətindən qeyri-yaşayış sahəsi almış, lakin aldığı əmlak başqasına satılmış Sülhiyyə Məmmədovadır. Onun nümayəndəsi Kamandar Nəsibov da hesab edir ki, bu cinayət işinin istintaqa qaytarılması mütləqdir. Vəkilin sözlərinə görə, bu cinayətlərdə başqa bir keçmiş prokurorluq işçisinin də əli var: "Bu məsələdə Rəfael Cəbrayılovla yanaşı, qardaşı və bir nəfər sabiq prokurorluq işçisi də günahkardır. Üçü birləşib ediblər. Hər üçü də istintaqa cəlb edilməlidir. Əgər cinayət işinə xitam verilsə, Elşən üçün bayram olacaq...".

Amma Bakı Ağır Cinayətlər Məhkəməsində bu işi araşdıran hakimlər onu istintaqa qaytarmağa ehtiyac görməyib – Aidə Cəbrayılovanın vəsatəti təmin olunmayıb.

Məhkəmə araşdırmaları dekabrın 16-da davam edəcək.

Mərhum deputat özü də məhkəməsində qardaşını ittiham edərək ona görə həbs olunduğunu demişdi.

Elşən Cəbrayılovun isə ünvanına səslənən ittihamlara münasibəti məlum deyil.

Xatırlatma

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurdu.

Məhkəmədə ittihama münasibət bildirən Cəbrayılov onunla razılaşmadığını demişdi: "Özümü qətiyyən təqsirli bilmirəm...".

2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum olunması üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.

Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında çoxmərtəbəli binaların tikintisiylə məşğul olan "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundov, lombard sahibi Məlahət Qurbanova və digərləri var. 11 nəfərin ümumilikdə 2 milyon 571 min manatının ələ keçirildiyi iddia olunur.

Cəbrayılov sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib. Qanuna görə, haqqında hələ qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmayan şəxs həbsdə öləndə cinayət işi üzrə yaxın qohumlarından biri hüquqi varis kimi tanınır. Ölmüş şəxs özünü təqsirli bilməyibsə, yaxud hüquqi varis onun təqsirsizliyində israrlıdırsa, məhkəmə araşdırmaları davam edir. Sonda onun haqqında ya ittiham, ya da bəraət hökmü çıxarılır. Şəxs təqsirli bilinsə, ona cəza təyin olunur, lakin ölümü ilə əlaqədar cinayət işinə xitam verilir.

XS
SM
MD
LG