Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Dekabr, çərşənbə, Bakı vaxtı 23:10

Yevlaxın keçmiş icra başçısına 7 il 3 ay iş kəsilib


Qoca Səmədov

Yevlax rayonun keçmiş icra başçısı, iki həftə öncə səhhətinə görə, həbsdən buraxılan Qoca Səmədov sentyabrın 30-da yenidən həbs olunub

Yevlax rayonun keçmiş icra başçısı, iki həftə öncə səhhətinə görə, həbsdən buraxılan Qoca Səmədov sentyabrın 30-da yenidən həbs olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə o, 7 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmə əsasən, keçmiş icra başçısı külli miqdarda mənimsəmə, səlahiyyətlərdən sui-istifadə və başqa vəzifə cinayətlərində suçlu hesab olunub.

Məhkəmə iştirakçılarından AzadlıqRadiosuna verilən məlumata görə, Səmədov prosesdə ifadə verərkən özünü qismən təqsirli bilib.

Onun bildirildiyinə görə, bəzi hallarda saxtakarlıq hallarına yol verilsə də, əldə olunan mənimsənilməyib. Qeyd edildiyinə görə, keçmiş məmur deyib ki, o vəsaitlər rayonda görülən işlər üçün büdcədə nəzərdə tutulmayan xərclərə sərf olunub.

Qoca Səmədovun vəkili Elnur Vəliyev AzadlıqRadiosuna bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin ürəyində ciddi problemlər var.

Vəkil əlavə edib ki, o, kəskin hipertoniya (təzyiq xəstəliyi) və şəkərli diabetdən əziyyət çəkir.

Müdafiəçinin sözlərinə görə, keçmiş icra başçısı həbs olunmamışdan əvvəl açıq ürək əməliyyatı keçirib, ürəyinə stend qoyulub:

“İstintaq dövründə Dövlət Təhlükəsizlik Xidmətində (DTX) saxlananda da vəziyyəti pisləşmişdi, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü. Bəlkə də orada aldığı müalicənin nəticəsi olaraq həyatda qaldı”.

Səhhətindən şikayət edir

Müdafiəçisinin sözlərinə görə, son aylarda Qoca Səmədovun durumu kəskin pisləşdiyinə görə məhkəmə onun barəsində həbs qətimkan tədbirini dəyişmək qərarı vermişdi.

61-yaşlı Qoca Səmədov 2011-2019-cu illərdə Yevlax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Bundan öncə isə o, 5 il icra başçısının müavini və birinci müavini olub.

2019-cu ilin dekabrında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunan Səmədov vətəndaşların ictimai işlərə cəlb edilməsi məqsədilə, əməkhaqqı kimi ayrılan vəsaitləri ələ keçirməkdə suçlanır.

İddia olunur ki, müxtəlif dövlət orqanlarına işçi kimi rəsmiləşdirilmiş 133 nəfər üçün açılan maaş kartlarından çıxarılan 236 min manat vəsaiti keçmiş icra başçısı mənimsəyib.

Səmədov həmçinin, 2017-2019-cu illərdə Yevlaxda abadlıq işləri üçün büdcədən ayrılan və müxtəlif şirkətlərin hesablarına köçürülmüş vəsaitlər nağdlaşdırılandan sonra onun 616 min manatını geri alıb mənimsəməkdə ittiham edilir.

Başqa keçmiş icra başçıları…

Səmədov, habelə ondan sonra həbs olunan Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarının icra başçılarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə kimi ittihamlar irəli sürülüb.

Adları çəkilənlərdən yalnız Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyevin məhkəməsi yekunlaşıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 9 il 6 ay həbs cəzası kəsilib.

Hökmdən narazı qalan keçmiş icra başçısı apellyasiya şikayəti verib. Lakin sentyabrın əvvəlində Quliyev vəfat edib. Onun koronavirusa yoluxduğu açıqlanmışdı.

Digər həbs edilən keçmiş icra başçılarından, hələlik, ittihamlara ayrılıqda münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG