Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 12:12

Qərb mediası Bayden-Putin sammiti haqda: bandalar...


Vladimir Putin (solda) və Co Bayden

“The New York Times” yazır ki, üç saatadək çəkən görüşlərdən sonra liderlər qarşılıqlı mübahisəli məsələlərin siyahısından danışdılar, onlardan hansısa biri üzrə razılaşmaya eyham belə vurulmadı

İyunun 16-da ABŞ Prezidenti Co Bayden Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə görüşdü. Bu sammit Qərb mediasının aparıcı mövzusudur.

“Bayden Putinə şübhənin faydasını təklif elədi. O, daha yaxşı bilir”. “Bayden-Putin sammitinin ən böyük qalibi demokratiyadır”; “Bayden Putində şəxsi maraq oyatmağa çalışır”; “Baydenin Putin üçün testləri və əksinə”; “Bandalar qlobal düzən qaydalarını dəyişirlər”. Bunlar dünyanın aparıcı media orqanlarında sözügedən görüşlə bağlı bir neçə məqalənin başlığıdır.

“The New York Times” yazır ki, üç saatadək çəkən görüşlərdən sonra liderlər qarşılıqlı mübahisəli məsələlərdən danışdılar, onlardan hansısa biri üzrə razılaşmaya eyham belə vurulmadı.

Tramp-Putin görüşü ilə müqayisə

“Elə Baydenlə Putinin fərqli mətbuat konfranslarında fikirlərini ifadə etməsi onların münasibətlərindəki soyuqluğu qabartdı. 1989-cu ildə Prezident Corc Buşla Sovet ittifaqının lideri Mixail Qorbaçov Maltada sammitdən sonra jurnalistlərin qarşısına birlikdə çıxmışdılar. O vaxtdan Amerika və Rusiya liderlərinin birgə mətbuat konfransları standarta çevrilib”, – məqalədə deyilir.

“İşgüzar, peşəkar görüş idi”, – Rusiya üzrə keçmiş kəşfiyyatçı, Putin və Qərb haqqında kitablar müəllifi Ancela E.Stent deyib.

“Onlar heç bir məsələdə geri çəkilmədilər. Ancaq görünür, işçi münasibətə çevrilə biləcək bir şeyin əsasını qoydular”, – o, sözlərinə davam edib.

Fiona Hill keçmiş prezident Donald Trampın Rusiya üzrə müşaviri idi. O deyir ki, Helsinkidə Putinlə görüş zamanı Trampın ona ehtiramından o qədər narahat olub ki, görüşü bitirmək üçün yalandan təcili yardımlıq vəziyyət uydurmaq haqda düşünüb. O, dünənki sammitin tamamilə təzadlı olduğunu söyləyir. “Hər iki tərəf daha peşəkar görünürdü”, – Hill deyib.

“Qırmızı xətt” necə oldu?

“The Washington Post” qəzeti isə redaksiya məqaləsində yazır ki, cənab Bayden Kremlin başçısı ilə “qırmızı xətlər” çəkəcəyini deyirdi. Buna görə də Cenevrə görüşündən sonra hər iki liderin pozitiv fikir mübadiləsindən, daha sabit və əməkdaşlığa əsaslanan münasibətdən danışması təəccüblüdür.

Məqalədə deyilir ki, Bayden Avropa səfərinin çox hissəsini ABŞ-ın əsas demokratik müttəfiqləri ilə münasibətlərinin təsdiqinə həsr edib. Tramp dörd il ərzində əlaqələri alt-üst eləmişdi.

“O, cənab Putinlə görüşərək ABŞ-ın qırmızı xətlərini müəyyənləşdirməkdə düzgün mövqe tutmuşdu. ‘Əhəmiyyətli şəkildə yaxşılaşdırılmış əlaqələr’ə gəlincə, Bayden bunun tapılacağını deyirdi.

Yəqin taparıq, amma bu sammitin ABŞ-ın Putin daha öncəki əməkdaşlıq cəhdlərindən fərqli nəticə verəcəyinə inanmağa əsas yoxdur”, – qəzet yazır.

Çinə qarşı

“Financial Times” qəzetində Filips Stefens isə “Bandalar yeni dünya düzənində qaydaları dəyişirlər” başlıqlı məqaləsində qlobal gücün yenidən bölüşdürülməsinin geosiyasi ab-havanı dəyişdirdiyini yazır.

Yüksəliş dövrünü yaşayan Çin, incik, yıxılmaqda olan Rusiya Qərbin hegemonluğunu qəbul etmək istəmirlər. Si Tsinpin Çini qlobal səhnənin mərkəzinə çıxarmaq istəyir. Putin Rusiyası isə keçmiş sovet məkanında nüfuzunun bərpasına çalışır.

Müəllif Co Baydenin köhnə düzən tərəfdarı olduğunu yazır. “Baydenin bir həftə ərzində beynəlxalq sammitlərə qatılması, Cenevrədə Putinlə təkbətək görüşünün bircə məqsədi vardı: Çinə qarşı köhnə qvardiyanı yığmaq. Rusiya ciddi əngəldir. Çin sistematik təhdid yaradır. Burada Amerikanın dostları vacib sərvət sayılır”, – məqalədə deyilir.

Ancaq müəllif avropalıların özlərinin qruplaşması olduğunu yazır. ABŞ və Çinin qlobal iqtisadi normaları müəyyənləşdirməsində Avropa Birliyinin də öz yeri var.

Digər tərəfdən, müəllifin fikrincə, Sinin Çinin maraqlarını aqressivliklə irəli aparması Baydenin işini asanlaşdırıb. AB Birləşmiş Ştatlarla Boeing və Airbus şirkətlərinə subsidiyalar üzrə razılığa gələ bilmirdi. Hər iki şirkətə təhdidin tezliklə Çindən gələcəyi anlaşılandan sonra məsələ yoluna qoyuldu.

XS
SM
MD
LG