Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

Boş deputat yerlərinə seçkilər olacaq, olmayacaq…


Parlamentin 65 faizi dəyişmədi... Bəs, onda bu seçki nəyə lazım idi?
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Parlamentin 65 faizi dəyişmədi... Bəs, onda bu seçki nəyə lazım idi?

Azərbaycanda hazırda beş deputat yeri boş qalıb. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra pozuntular səbəb göstərilərək dörd dairədə nəticələr ləğv edildi. Bunlar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələri idi. Beşinci deputat mandatı isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərovun vəfatından (4 avqust 2020) sonra boş qalıb.

Qanunvericiliyə görə, belə olan halda həmin dairələr üzrə təkrar seçkilər keçirilməlidir. 2015-ci ilin noyabrında da Milli Məclisə seçkilərdə 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələri ləğv edilmişdi. Lakin ondan yeddi ay sonra, növbəti ilin iyunun 18-də həmin dairə üzrə təkrar seçkilər keçirilmişdi.

Bəs bu dəfə iki ilə yaxın müddət keçməsinə baxmayaraq, təkrar seçkilər niyə keçirilmir? Əgər problem koronavirus pandemiyasıdırsa, ABŞ-da, Rusiyada və lap elə qonşu Gürcüstanda bu arada seçkilər baş tutub.

"Müddət ilə bağlı konkret müddəa yoxdur"

Mərkəzi Seçki Komissiyasından (MSK) "Turan"a bildirilib ki, seçki qanunvericiliyində təkrar seçkilərin keçirilmə müddəti ilə bağlı konkret müddəa yoxdur: "Təkrar seçkilərin vaxtı ölkə prezidentinin sərəncamı ilə təyin edilir. Mövcud qanunvericiliyə əsasən, parlament seçkilərinin təyin olunması səlahiyyəti prezidentə, keçirilməsi vəzifəsi isə MSK-ya məxsusdur. Sözügedən səlahiyyət və vəzifə, müvafiq olaraq, Konstitusiyanın 109-cu və Seçki Məcəlləsinin 25-ci maddələri ilə müəyyənləşdirilib".

M.Məmmədzadə
M.Məmmədzadə

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Məmməd Məmmədzadə də AzadlıqRadiosuna bildirib ki, seçki nəticələri etibarsız sayılırsa, həmin dairə üzrə təkrar seçki keçirilməlidir: "Bir də, "əlavə seçki" deyilən bir prosedur var. Vəfat edən deputat Fəttah Heydərovun yerinə əlavə seçkilər keçirilməlidir. Qanunvericiliyə görə, prezident bir aya əlavə seçkiləri təyin etməlidir".

"Fövqəladə vəziyyət elan edilməyibsə…"

Milli Məclisə təkrar seçkilərə gəlincə isə, ekspert də qeyd edib ki, Seçki Məcəlləsində onun müddəti ilə bağlı konkret müddəa yoxdur: "Hökumət təkrar, əlavə seçkilərin keçirilməməsini koronavirusla və müharibəyə görə hərbi vəziyyətlə izah edə bilər. Amma qanunvericiliyə görə, hərbi vəziyyət ləğv olandan üç ay sonra seçki keçirilə bilər. (Azərbaycanda müharibə ilə bağlı elan edilən hərbi vəziyyətdən az qala bir il keçib) Koronavirusa görə isə fövqəladə vəziyyət elan olunmayıbsa, o halda da seçkilərin keçirilməsi mümkündür".

R.İzzətli
R.İzzətli

33 saylı Xətai Birinci Seçki Dairəsi üzrə namizəd olan siyasətçi Ruslan İzzətli isə AzadlıqRadiosuna deyib ki, ötən il keçirilən növbədənkənar parlament seçkiləri total saxtakarlıqla və seçici aktivliyinin aşağı olması ilə yadda qalıb: "Hökumət köhnə parlamenti buraxanda insanlarda bir ümid yaranmışdı ki, islahat olacaq. Nəticədə isə köhnə parlamentin deputatlarının 80-90 faizini yenidən təyin etdilər".

Hərçənd, MSK-da bu fikirlərlə razı deyillər. Onlar hesab edir ki, digər dairələrdə nəticələrə təsir edən saxtakarlıqlar olmayıb.

"Hökumət 300 min seçicini deputatsız qoymaqla…"

R.İzzətli əlavə edib ki, nəticələri ləğv olunmuş və boş qalmış seçki dairələrində 300 min seçici var: "Hökumət bu 300 min seçicini deputatsız qoymaqla göstərir ki, parlament deyilən bir institut yoxdur".

A.Qasımlı
A.Qasımlı

"Qərar vermədilər"

Politoloq Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, kuluarlarda referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi ilə bağlı söhbətlər gedir: "Bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm, dəqiq bilirəm ki, hökumət bu seçkilərə ehtiyac görmür. Nəyisə dəyişməyə ehtiyac görsəydi, bu seçkilər çoxdan keçirilmişdi. 44 günlük müharibədən sonra hakimiyyətin belə məsələlərə marağı yoxdur".

Onun fikrincə, ola bilsin ki, boş qalan dairələrdən təyin ediləcək bir neçə namizəd var: "Yəqin ki, bu namizədlərlə bağlı, hələlik, qərar vermədilər".

Həmin dairələrdən bu mövzuda AzadlıqRadiosuna danışan seçicilərin məsələyə münasibəti isə fərqli oldu. Kimisi hüquqlarının tapdalandığını desə də, kimisi də bu məsələləri hökumətin ixtiyarına buraxdıqlarını, gündəlik işləri ilə maraqlandıqlarını vurğuladılar.

XS
SM
MD
LG