Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 12:53

10 min könüllü Olimpiya oyunlarından çıxır


Tokio, 2 iyun, 2021-ci il

Xaricdən gələcək rəsmilərin və iştirakçıların sayı iki dəfəyədək azaldılaraq 78 minə salınıb, daha da ixtisar olunmasıyla bağlı çağırışlar səslənir

İyunun 3-də Tokio Olimpiya oyunlarının başçısı oyunların bir daha təxirə salınmasını istisna edib. Təşkilatçılar isə 10 min könüllünün koronavirusla bağlı qorxudan dolayı oyunlardan çıxdığını açıqlayıb.

Olimpiya oyunlarının açılışına düz 50 gün qalır. Seiko Haşimoto deyib ki, pandemiya komandaların çoxunun səyahətə çıxmasını əngəlləməsə, oyunlar keçiriləcək.

“Dünyanın müxtəlif ölkələrində çox ciddi vəziyyət yaransa, əksər ölkələrin nümayəndə heyətləri gələ bilməsə, onda oyunları keçirə bilməyəcəyik”, – o, “Nikkan Sports” qəzetinə deyib.

“Ancaq belə bir vəziyyət baş qaldırmasa, Oyunlar təxirə salınmayacaq”, – Haşimoto sözlərinə əlavə edib.

İyunun 2-də axşam təşkilat komitəsinin başçısı Toşiro Muto bildirib ki, Tokio Olimpiya və Paralimpiya Oyunlarının 80 min könüllüsündən 10 minə yaxını koronavirus qorxusundan dolayı oyunların təşkilindən çəkilib.

80 faiz oyunlara qarşıdır

2020-ci il oyunları bir il sonra – iyulun 23-də keçiriləcək. Yaponiya pandemiyanın dördüncü dalğası ilə mübarizə apardığından oyunlarla bağlı şübhə qalmaqdadır, ictimai dəstəyin də az olduğu bildirilir.

Əcnəbi izləyicilər Yaponiyaya buraxılmayacaq. Yerli ictimaiyyətlə bağlı qərar isə iyunun 20-də, Tokioda fövqəladə vəziyyət başa çatandan sonra veriləcək.

Xaricdən gələcək rəsmilərin və iştirakçıların sayı iki dəfəyədək azaldılaraq 78 minə salınıb, daha da ixtisar olunmasıyla bağlı çağırışlar səslənir.

Rəy sorğularına görə, yaponiyalıların 80 faizi bu il Olimpiya oyunlarının keçirilməsinə qarşı çıxır.

Bir çox ölkələrlə müqayisədə Yaponiyada COVID-19 pandemiyasının miqyası daha kiçik olub, cəmi 13 mindən bir az artıq ölüm qeydə alınıb. Əhalinin 2.9 faizinin tam peyvənd olunduğu bildirilir.

XS
SM
MD
LG