Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 09:53

Kreativ düşünməyi öyrənmək olarmı


İki düşüncə tipi var

Biz kreativ insanların doğuluşdan belə olduqlarını düşünməyə öyrəşmişik. Bizə elə gəlir ki, onların beyni hadisələr arasında fərqli əlaqələr qura, dünyanı yeni şəkildə görə bilən tamamilə fərqli beyindir. Ancaq unuduruq ki, çox vaxt kənardan dahi kimi görünən insanlar həqiqətən orijinal məhsul ortaya qoymazdan əvvəl çox da uğurlu olmayan layihələrə illərini sərf edirlər. BBC yazır ki, hər bir böyük yazıçı, rəssam, yaxud ixtiraçının inqilab etməzdən əvvəl bir "şəyirdlik" dövrü olur. Bu dövrdə o, ideyalarını inkişaf etdirib təkmilləşdirməyi öyrənir.

Orijinal düşünmək bacarığı

Nyu-York Dövlət Universitetinin SANİ Buffalo Kollecinin kreativlik və dəyişiklik liderliyi kafedrasının müdiri, professor Cerard Puçço deyir ki, insanların çoxu kreativliyin öyrənilə bilən bacarıq olduğunu bilmir. Eyni zamanda, kreativliyin sonradan öyrənilə bilməyən, anadangəlmə bacarıq olduğu haqda yanlış təsəvvür insanları həvəsdən salır və orijinal düşüncə tələb edən işlərdən soyudur.

Ancaq Puçço kimi psixoloqlar bu öyrənmə prosesinə təkan verməyin ən yaxşı yollarını axtarıb tapırlar. Onlar araşdırmalarla sübut ediblər ki, gündəlik həyatda belə daha orijinal düşünmək bacarığına yiyələnmək mümkündür.

Puççonun dərs dediyi "Düşünmə bacarıqları modeli" (Thinking Skills Model) fənni iş yerində kreativliyi öyrədən ən yaxşı təlim proqramlarından biri sayılır. Proqram iki düşüncə tipinin – konvergent (yayındırıcı, seyrəldici) və divergent (birləşdirici) düşüncənin tarazlığına xüsusi önəm verir. Divergent düşüncə başlı-başına buraxılmış ideya istehsalı kimidir. Bu zaman ideyalar insanı gözlənilmədən, spontan gəlib tapır. Konvergent düşüncə isə, əksinə, məqsədyönlü olub ən yaxşı ideyaların arasından ən potensiallılarını seçməyi nəzərdə tutur.

"Bunların hər ikisi vacibdir. Birincisi olmasa, ideyalarınız çox sadə və darıxdırıcı, ikinci olmasa isə qeyri-praktik olacaq", – BBC-nin məqaləsində deyilir.

Praktika

Ancaq professor Puçço deyir ki, bunlar, sadəcə, başlanğıc üçündür. Müntəzəm praktikanın yerini isə heç nə verə bilməz: "Kreativlik çox çətin işdir. Bu bacarıqları inkişaf etdirmək çoxlu vaxt tələb edir".

Martin Maynel bu yaxınlarda Almaniyanın Erlangen-Nürnberq Universitetində kreativlik təlimi proqramını sınaqdan keçirib. Onun gəldiyi qənaət də Puççonun dedikləri ilə səsləşir. "Kreativliyə əzələ kimi baxa bilərsiniz. Onun böyüməsi və güclü qalması üçün daimi məşq lazımdır", – Maynel deyir.

Onun sözlərinə görə, çox az çalışmaqla böyük irəliləyiş əldə etmək mümkündür.

Fransanın Fontenblo şəhərindəki INSEAD biznes məktəbinin təşkilat davranışı professoru Ella Miron-Spektor deyir ki, düzgün düşüncə tərzi olarsa, bunların hamısı doğrudur. Onun sözlərinə görə, insanların işə yanaşmasının onların kreativ inkişafına təsiri böyükdür.

Təlimə sərmayə

Aparılan araşdırmalardan çıxan ən əsas və faydalı nəticə budur ki, şirkətlər kreativliyin avtomatik olduğunu düşünməkdənsə, işçi heyətlərinin təliminə daha çox sərmayə qoya bilərlər. Ancaq onlar həm də işçilərdə öyrənməyə meyli artırmaqdan ötrü düzgün iş mühiti yaratmağa çalışmalıdırlar. "Siz insanları uğursuzluğa prosesin bir hissəsi kimi baxmağa həvəsləndirməlisiniz", – Miron-Spektor deyir. Onun sözlərinə görə, tənqidin gələcək inkişaf üçün imkan kimi qəbul edilməsinə ümumi korporativ mədəniyyətdə böyük yer verilməlidir.

Puçço deyir ki, əgər liderin davranışı bu kreativ düşüncə bacarıqları dəstinə uyğunlaşdırılmayıbsa, əldə olunan nəticə məhdud olacaq.

Maynel öz kreativliyini artırmaq istəyənlərə daim qarşılarına çıxan kiçik problemlərin həllində özlərini sınamağı tövsiyə edir. Qarşıdakı vəzifələrin həlli zamanı öyrəşilən yollara əl atılır. Ancaq alternativ yolların olub-olmadığını, bu yolları necə tətbiq edə biləcəyinizi düşünün. Maynelin sözlərinə görə, bu yolla tezliklə beyninizin avtomatik olaraq maraqlı həll yolları haqda düşünməyə proqramlaşdırıldığını görə bilərsiniz.

"Beləliklə, zaman keçdikcə kreativlik vərdişi formalaşdıraraq həyatın daha böyük problemlərini həvəs və orijinallıqla qarşılaya bilərsiniz", - yazıda deyilir.

XS
SM
MD
LG