Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:06

Prezident: 'Azərbaycan İrandan Ermənistana və Avropaya narkotrafik marşrutunu bağlayıb'


İ.Əliyev

Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə bu gün, oktyabrın 15-də prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında danışıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

"Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib", - İ.Əliyev bildirib.

Bu açıqlamaya, hələlik, İran və Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil. Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərginlik var. Son aylar isə istər Azərbaycan, istərsə də İran rəsmilərindən bir-birlərinə müxtəlif ittiham dolu açıqlamalar yönəlir.

MDB 1991-ci ildə SSRİ-nin dağılmasından sonra yaradılıb. Baltikyanı respublikalar və Gürcüstandan başqa keçmiş SSRİ-nin qalan müttəfiq respublikaları orada təmsil edilir.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG