Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:59

Tokioda Murakami kitabxanası açılıb


Haruki Murakami

Oktyabrın 1-də Yaponiyanın Vaseda Universitetində ölkənin ən tanınmış yazıçılarından biri Haruki Murakaminin yazıları, albomları və musiqi səs yazısı kolleksiyalarına həsr olunmuş kitabxana açılıb. Tokioda yerləşən bu kitabxana yazıçının pərəstişkarlarının ədəbi tədqiqat, mədəni mübadilə və toplanma yeri olacaq.

Vaseda Universiteti Haruki Murakaminin alma-materi ("bəsləyən ana") sayılır. Açılan kitabxanada yazıçının iş otağının maketinin də olduğu bildirilir. Burada sadə bir iş masası, sıra-sıra düzülmüş kitab rəfləri və patefon var. Kitabxanada, bundan başqa, universitet tələbələrinin işlətdiyi və yazıçının ən çox sevdiyi qara qəhvənin dəmləndiyi kafe də var.

"Mən ümid edirəm ki, bu məkan tələbələrin öz ideyalarını azad şəkildə paylaşıb reallaşdıra biləcəyi bir yer, universitet kampusunun içində azad, unikal və təzə bir nöqtə olacaq", – 72-yaşlı Murakami sentyabrın 22-də kitabxananın açılışı münasibətilə mətbuat konfransında deyib.

3 minədək kitab

"ABC News" yazır ki, ziyarətçilər beşmərtəbəli kitabxana binasına tuneləbənzər dəhliz vasitəsilə daxil olurlar. Bina Murakaminin çoxsaylı pərəstişkarlarından biri olan memar Kenqo Kuma tərəfindən dizayn edilib. O, həm də Tokio Olimpiya Stadionunun dizayneridir. Kuma deyib ki, tunellər Murakaminin hekayələrini təmsil edir. Memar yazıçının əsərlərini öz təxəyyülündə belə canlandırır. Bu əsərlərin qəhrəmanları çox vaxt real və sürreal dünyalar arasında səyahət edir.

Rəsmi adı Vaseda Beynəlxalq Ədəbiyyat Evi olan kitabxanada hazırda Murakaminin 3 minədək kitabı, əlyazması və başqa materialları var. Burada yazıçının əsərlərinin onlarla dilə tərcümələri və nəhəng səs yazıları kolleksiyası da saxlanılır.

Kitabxananın yanındakı zalda valların sərgiləndiyi xüsusi audiootaq da var. Bu valların bəzilərinin üzərində "Petercat" möhürünü görmək olar. Bu, Murakaminin Vaseda Universitetini bitirdikdən sonra işlətdiyi caz barının adıdır. Onların arasında Billi Holidey, Sonni Rollinz, Con Koltreyn və Maylz Devisin valları da var.

Digər yazıçıların da işləri olacaq

"Kaş mənim ölümümdən sonra belə bir yer tikilərdi ki, mən rahat uyuyardım və onun qayğısına qalan adamlar olardı. Hələ həyatda ikən belə bir şeyi görüb bir az həyəcanlanıram", – Murakami zarafatla deyib.

Murakami bu kitabxanaya bacardığı qədər çox material verəcəyini söyləyib. Hazırda kitabxana onun işlərinə fokuslanıb. Ancaq Murakami kitabxananın genişlənərək digər yazıçıların işlərini də əhatə edəcəyinə, "geniş və axıcı" tədqiqat məkanına çevriləcəyinə ümid edir.

1979-cu ildə yazdığı "Küləyin nəğməsini dinlə" adlı debüt romanından sonra 1987-ci ildə yazdığı "Norveç meşəsi" adlı sevgi romanı bestsellerə çevrilmiş, onu bütün dünyaya gənc ədəbiyyat ulduzu kimi tanıtmışdı. O, eyni zamanda, "Qoyun ovu", "Qurulma quşun xronikaları" və "1Q84" kimi bestseller romanları ilə də tanınır. Murakami 2017-ci ildə ədəbiyyat sahəsində Nobel Mükafatına layiq görülüb.

Radioda aparıcılıq edir

Murakami musiqi dinləməyi və toplamağı çox sevməsi ilə tanınır. Onun kolleksiyasında klassik musiqidən tutmuş, caz və rok yazılarına qədər ən müxtəlif musiqi növlərinə rast gəlmək mümkündür. Musiqi onun hekayələri üçün mühüm ilham mənbəyidir. Murakaminin özünün də musiqi kitabları yazdığı bildirilir.

2018-ci ildən Murakami "Tokyo FM" radiostansiyasında "Murakami Radio" adlı şounun aparıcılığını edib. Burada o, özünün ən çox sevdiyi musiqiləri səsləndirir, bəzənsə dinləyicilərin xahiş və suallarını qəbul edir.

Arxiv layihəsinin ideyası Murakaminin öz material kolleksiyasını ianə etmək təklifindən sonra, 2018-ci ildə meydana gəlib. Kolleksiya son 40 ildə o qədər böyüyüb ki, yazıçı evində və ofisində onu saxlamaq üçün yer tapmamağa başlayıb.

Vaseda Universiteti digər bir məzunu, məşhur "Uniqlo" geyim dükanının ana şirkətini təsis edən Tadaşi Yanay da kitabxananın tikilməsinə 1.2 milyard yen (11 milyon dollar) ianə edib.

XS
SM
MD
LG