Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 08:44

Əsirlikdə olmuş azərbaycanlılar Bakıda ermənilərin məhkəməsində dindirildi


Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan

Vaxtilə əsirlikdə olmuş azərbaycanlılar hazırda Bakıda mühakimə olunan ermənilərin məhkəməsində zərərçəkmiş qismində dindirilirlər. Onlar iyunun 16-da Yasamal rayon Məhkəməsində ifadə verərkən 90-cı illərdə əsirlikdə olduqları vaxt yaşananlardan danışıblar.

1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan və 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyan azərbaycanlı əsirlərə işgəncə vermə, hətta bəzilərini qətlə yetirməkdə, dövlət sərhədini qanunsuz keçməkdə, müharibə qanunlarını pozmaqda və başqa əməllərdə suçlanır. Lakin onlar yalnız Azərbaycanın dövlət sərhədini qanunsuz keçməkdə özlərini təqsirli bilir, qalan ittihamların heç birini qəbul etmirlər.

"Torpaq yedirdilər"

İyunun 16-da məhkəmədə zərərçəkən statusunda dindirilən Həbib Kazımov deyir ki, 1993-cü ildə əsir düşmüşdü. Əsirlikdə Sumqayıtdan olduğunu biləndə ona qarşı daha qəddar davranmışdılar: "Sumqayıtlıları görməyə gözləri yox idi. Onlara izah eləməyə çalışırdım ki, Sumqayıt hadisələri vaxtı mən özüm uşaq olmuşam. Elə işgəncələr verirdilər... Torpaq yedirdilər".

İşgəncə nəticəsində səhhətində kəskin problemlər yarandığını, hətta xəstəxanaya aparıldığını deyən Kazımovun sözlərinə görə, sonradan Şuşa həbsxanasına qaytarılıb. Təqsirləndirilən Mkrtiçyan və Xosrovyanı da orada görüb.

Məhkəmədə dindirilən başqa bir zərərçəkən Zaur Rzayev 1994-cü ildə Ağdam rayonunda minaya düşərək huşunu itirdiyini, elə həmin vaxt da əsir götürüldüyünü deyir. Əsirlikdə olduğu dövrdə təqsirləndirilən şəxslərdən yalnız Mkrtiçyanı gördüyünü deyən Rzayevin sözlərinə görə, onun ləqəbi "Yoha" idi: "O, məni sürüyə-sürüyə aparırdı. Azərbaycan dilində də yaxşı bilir. Bizi öz dilimizdə söyürdü".

"Suyun içində saxladılar"

Zərərçəkən Heydər Əliyev də Ağdamda əsir götürüldüyünü deyir. Onun sözlərinə görə, sonra Xankəndiyə, oradan da Şuşa həbsxanasına gətirilib. O iddia edir ki, Şuşada qəbir qazdırıb, skeletləri çıxartdırırdılar: "Məcbur edirdilər ki, qızıl dişləri çıxaraq, skeletləri güllələyək. Bunları eləməkdən imtina etdiyim üçün Şuşa həbsxanasında "kars"a saldılar, suyun içində saxladılar".

Mal-qara otararkən əsir düşdüyünü deyən Rauf Qafarovun sözlərinə görə, onu qondarma "Dağlıq Qarabağ Respublikası"nın müdafiə naziri Samvel Babayan üçün dördmərtəbəli evin tikintisində fəhlə kimi işləməyə məcbur ediblər.

Məhkəmədə zərərçəkənlər dindirilərkən təqsirləndirilən şəxslər onların dediklərinə heç bir münasibət bildirməyib. Prokuror səslənən ifadələrlə əlaqədar onlara çarpaz suallar vermək istəyib. Lakin onlar bildirib ki, zərərçəkmişlərin dindirməsi başa çatandan sonra onlar ətraflı ifadə verəcəklər.

Məhkəmə prosesi iyunun 23-də davam edəcək.

İttihamlar

Mkrtiçyan və Xosrovyana qarşı Azərbaycan CM-nin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 120 (qəsdən adam öldürmə) 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və başqa maddələri ilə irəli sürülmüş ittihamlar üzrə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hər iki təqsirləndirilən ötənilki hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri tərəfindən saxlanılıblar. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG