Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:20

Herbert Uells bu gün sağ olsaydı...


Herbert Corc Uells

Yazıçı Elif Şafak Britaniyanın "The Guardian" qəzeti üçün növbəti məqaləsini yazıb. Bu dəfə o, müasir dünyaya tanınmış fantastik janr yazıçısı Herbert Corc Uellsin gözü ilə baxmağa çalışıb. Şafak ilk dəfə Türkiyədə tələbəlik illərində yazıçının "Aydakı ilk insanlar" kitabını əldə edib. Kitabın türk versiyasının adı belə idi. Ancaq orijinal versiyanın adının (The First Men in the Moon) gender baxımından neytral olmadığı Şafakın diqqətindən yayınmayıb.

O zaman Şafak Uellsin Ay şəhərini yenicə köçdüyü İstanbulla müqayisə edib. Ayın yer altında yaşayan, texnoloji baxımdan çox mürəkkəb və irəliləmiş olan yerli sakinləri, selenitləri isə anlamağa çətinlik çəkib. "Ancaq tezliklə anladım ki, heç istanbulluları da anlamaq asan deyil", – o yazır.

Optimizm

Eyni zamanda alim olan, müxtəlif janrlarda uğur qazanan Uells çoxsahəli biliyi sayəsində qeyri-adi hekayələr yaza bilir, dövrünün ədəbi simalarından çox fərqlənirdi. O, insanların yeniliklərə, eksperimentlərə və innovasiyalara aclığını çox yaxşı anlayırdı. Ancaq o, həm də texnologiyanın qara tərəfindən qorxurdu.

Uells öz əsərlərində çoxsaylı futuristik proqnozlar verib. Onun proqnozları arasında kosmik səyahətdən gen mühəndisliyinə, atom bombasından internetə qədər çox maraqlı məqamlar var. Yəqin ki, başqa heç bir yazıçı bəşəriyyətin gələcəyini Uells qədər aydın görə bilməyib.

Bəs görəsən, Uells XX əsrin sonlarına qədər sağ olsaydı, dünya haqqında nə düşünərdi? Şafak nədənsə Uellsin həmin dövrün optimizmi haqda nə düşünə biləcəyi ilə maraqlanır. O dövrdə istər liberal siyasətçilər, istər politoloqlar, istərsə də Silikon vadisi optimist idi. Hətta internet sayəsində Qərb demokratiyasının bütün dünyaya yayıldığına, dünyanın böyük bir demokratik qlobal kəndə çevriləcəyinə inam var idi.

Pessimizm erası

Sadəcə, informasiyanın bütün dünyaya yayılması ilə məlumatlı vətəndaşların meydana gələcəyi, onların düzgün vaxtda düzgün qərarlar verəcəyinə inanılırdı: "Bir dəfə əldə olunan demokratiya bir daha əldən verilməyəcəkdi. Demokratiyanın gətirdiyi azadlıqları dadan adam onu necə küləyə sovura bilər?".

"Ancaq indi bu baxışın darmadağın olduğunu görürük. Artıq ayağımızın altındakı səth o qədər etibarlı deyil. Artıq biz qorxu erasına (Age of Angst) qədəm qoymuşuq. Biz pessimizm erasının içindəyik. İçində olduğumuz dünya ağrı verir. Uells bu gün sağ olsaydı, qütbləşmənin, populist avtoritarizmin, vəhşicəsinə istehlakın get-gedə artmaqda olduğu yeni əsr haqqında nə düşünərdi? Üstəlik, bunların hamısı rəqəmsal texnologiyalar tərəfindən daha da gücləndirilir", – Şafak yazır.

Uells bədii əsərlərdən başqa güclü siyasi, ictimai və elmi məqalələr də yazıb. O hesab edirdi ki, bəşər tarixi get-gedə daha çox savad və fəlakət arasında yarışa çevrilir. O, bəşər tarixinin mahiyyət etibarilə ideyalar tarixi olduğuna ürəkdən inanırdı. Uells özünü, ölkəsini və anqlosentrizmi açıq tənqid etməkdən də çəkinmirdi.

Böyük sınaqlar

Uellsin internasionalizmə sonsuz marağı var idi. Beynəlxalq həmrəyliyə, qadınlar arasında beynəlxalq yardımlaşmaya bu qədər ehtiyacın olduğu dövrdə hamının insan olduğunu xatırlaması çox vacibdir.

COVID-19 pandemiyası dünyada yaşayan insanların bir-biri ilə nə qədər dərindən bağlı olduğunu bir daha nümayiş etdirdi. İqlim böhranı dünyanın heç bir bucağının qlobal istiləşmənin təsirlərindən sığortalanmadığını çox aydın göstərir. "Qarşımızda böyük sınaqlar var və onların heç biri eksepsionalizm, nativizm, yaxud izolyasionizm nağılları ilə həll edilə bilməz", – yazıda deyilir.

Yazıçı hesab edir ki, demokratiya bir dəfə qazanılaraq divardan asılan medal deyil. Demokratiya həssas bir ekosistem, bir-biri ilə qarşılıqlı əlaqədə olan varlıqların, qüvvələr balansının, müxtəliflik, inklüzivlik, əməkdaşlıq və birlikdə varolmanın mövcud olduğu canlı mühitdir. Belə olduğu üçün də o, daim qidalandırılmalıdır. "Seçki qutusu özü-özlüyündə normal plüralistik demokratiyanı qoruyub saxlamağa yetərli deyil. Unutmayaq ki, bir çox qeyri-liberal, hətta açıq-aşkar avtoritar ölkələr də hər bir neçə ildən bir "seçki" keçirir. Majoritarizm demokratiya demək deyil", – Elif Şafak yazır.

XS
SM
MD
LG