Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:46

Eldar Həsənov Adil Qeybullanın DTX-da onu müayinə etməsini istəyir


Eldar Həsənov

Səhhətində ciddi problemlərin olduğunu deyən keçmiş baş prokuror və səfir Eldar Həsənov saxlandığı DTX-nın istintaq təcridxanasında professor Adil Qeybullanın onu müayinə etməsini istəyir. Noyabrın 22-də onun məhkəməsində vəkili Cavad Cavadov bu barədə vəsatət qaldırıb.

Vəkil bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi noyabrın 19-da Eldar Həsənovun işi ilə bağlı qərar qəbul edib. Bu, Avropa Məhkəməsi qaydalarının 39-cu maddəsinə əsasən, Həsənovun işi üzrə müvəqqəti tədbir haqqında üçüncü qərardır. Vəkilin sözlərinə görə, bu qərarda Avropa Məhkəməsi Azərbaycan hökumətindən tələb edir ki, Həsənov ehtiyacı olan, yüksək ixtisaslı müalicə ilə təmin olunsun. Əgər zərurət varsa, stasionar qaydada müalicəsi üçün lazım olan addımlar atılsın. Həmçinin sabiq səfirə göstərilən tibbi yardım və sağlıq durumu haqda mütəmadi olaraq Avropa Məhkəməsini məlumatlandırmaq tələb olunur.

"Həkimin gəlməsinə də imkan vermirsiz"

"Yerli qanunvericilik də həbsdə olan şəxsin müayinə və müalicə hüququna təminat verir. Həbsdə olan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi haqqında qanunda deyilir ki, şəxsin özünün istədiyi həkimi dəvət edərək onun iştirakıyla müayinə və müalicə olunmaq hüququ var. Biz həkim Adil Qeybullaya etibar edirik. Özü də razıdır", – vəkil Cavadov bildirib.

Prokuror vəsatətin əleyhinə çıxıb. Deyib ki, Həsənov ehtiyacı olan müayinə və müalicə ilə təmin edilir. Adil Qeybullanın dəvət olunmasına zərurət yoxdur: "Orada həkim var, nə lazımdırsa, olunur".

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətlə bağlı qərarını noyabrın 26-da keçiriləcək növbəti məhkəmə iclasında açıqlayacaq. Bu da sabiq səfiri narazı salıb.

"Heç bir vəsatətimizi təmin eləmirsiz. Hətta belə elementar məsələyə - həkimin gəlməsinə də imkan vermirsiz", - Həsənovun sözləridir.

Xatırlatma

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, Xarici İşlər Nazirliyinin DTX-da istintaqı aparılan əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Sonradan Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat verib.

XS
SM
MD
LG