Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:26

Aclıqla savaşan əfqan müəllimlər


Əfqanıstanda müəllim, arxiv fotosu

Heratda azı 18 min müəllim hələ Taliban Herat şəhərini ələ keçirməzdən iki ay qabaqdan maaş almırdı. Onlardan 10 mindən çoxu qadınlardır

Taliban avqustda hakimiyyəti ələ keçirəndən onminlərlə əfqan müəllim maaş almayıb. AzadAvropa/AzadlıqRadiosu əfqan müəllimlərin yaşamaq uğrunda mübarizə apardığını, məktəblərdə isə müəllim çatışmadığını yazır.

Seyid Əbdül Rəhman bu ilin əvvəlindən Taliban ölkəyə nəzarəti ələ almağa başlayandan maaş almayıb. O, təzə vaxtlarda satıcılara deyirdi ki, maaş alan kimi borcunu ödəyəcək. Satıcılar isə uşaqlara yazı-pozu öyrədən Rəhmana kömək etməkdən məmnun idilər.

7 mindən çox müəllim

Taliban səkkiz aydır Rəhmanın Əfqanıstanın şimal-qərbində yaşadığı vilayəti tutub, amma o hələ də maaş gözləyir. Artıq müəllimlikdən gedib, qol saatlarının təmiri ilə məşğuldur.

“Bu işə başlayandan ailəmə bir parça çörək apara, səfaləti nisbətən azalda bildim”, – Rəhman Radio Azadi-yə deyib.

Faryab vilayətində Rəhmandan başqa 7 mindən çox müəllim və 200 universitet professoru aylardır maaş almır. Nəticədə ölkənin təhsil sistemində böhran yaranır.

Taliban 1996-2001-ci illər idarəçiliyi dövründə qızların təhsil almasını yasaqlamışdı. İndi qızların ibtidai məktəbə getməsinə icazə verilir. Orta məktəblər isə qızların üzünə bağlıdır.

Ancaq açıq məktəblərdə maaşların ödənməməsi tezliklə müəllim sayında çatışmazlıq yaranacağı deməkdir.

İşə çıxmırlar

Oktyabrda Herat vilayətində yüzlərlə müəllim yeni Taliban rejimindən ödənməmiş maaşlarını tələb edib.

Heratda azı 18 min müəllim hələ Taliban Herat şəhərini ələ keçirməzdən iki ay qabaqdan maaş almırdı. Onlardan 10 mindən çoxu qadınlardır.

Əfqanıstanda bir çox müəllimlər tətil edir, yəni, daha işə getmirlər.

“Uşaqlarım yeməlidir, amma mən maaş almıram. Hətta xalçamı, qablarımı da satmışam ki, ərzaq alım. Evimə, ailəmə risk var. Sağ qalmaq üçün yeməyimiz yoxdur. Nəsə başqa iş görməliyəm”, – Parvan vilayətində 42 yaşlı müəllim Hidayətulla deyib. O, beş aydan çoxdur ayda 85 dollar maaşını ala bilmədiyini söyləyir.

Talibanın Təhsil Məsələləri İdarəsinin üzvü Mövlavi Hafizulla Mütasimbilla isə deyir ki, müəllimlərin hamısının maaşı ödənəcək.

“İslam Əmirliyi (Əfqanıstanı nəzərdə tutur) müəllimlərin maaşını ödəmək qərarına gəlib. Bəzi müəllimlərin maaşı ödənib. Maliyyə Nazirliyimiz bildirib ki, müəllimlərin maaşları verilməlidir”, – o radioya deyib.

Ehtiyatlar dondurulub

Ancaq avqustun ortasından Əfqanıstana xarici yardım da dondurulub. Vaşinqton Əfqanıstan mərkəzi bankının 9.4 milyard dollarlıq ehtiyatını dondurub. Səbəb Talibanın insan haqlarına münasibəti sarıdan qeyri-müəyyənlikdir.

“Talibanın təkcə maaşları deyil, hər şeyi ödəmək üçün likvidlik qıtlığı var”, – Avropa Birliyinin Xarici siyasət rəhbəri Jozep Borrelin sözçüsü Nabila Masrali deyib.

Onun sözlərinə görə, AB-nin elan etdiyi 350 milyon dollarlıq yardım Taliban vasitəsilə deyil, beynəlxalq təşkilatlar, ölkədəki qeyri-hökumət təşkilatları üzərindən çatdırılır. Məqsəd Talibanın bu vəsaitin səmtini dəyişdirməsini önləməkdir.

UNICEF isə bəyan edib ki, əfqan müəllimlərə birbaşa ödəniş etmək üçün ayrıca sistem qurmağı planlaşdırır. İlk addım dövlət məktəblərindəki müəllimlərin hamısını qeydiyyata almaq olacaq.

XS
SM
MD
LG