Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 08:55

Britaniyada kəskin benzin qıtlığı yaşanır


Londonda benzin növbəsi

Ekspertlər bildirirlər ki, qarşıdan gələn Milad bayramında qiymətlərin kəskin artımı, habelə supermarket rəflərinin boş qalması gözlənilir

Britaniya hökuməti sentyabrın 29-da yanacaqdoldurma məntəqələrinə (YDM) benzinin daşınması üçün hərbi sürücülərin səfərbər edilməsinə göstəriş verib.

Baş nazir Boris Consonun vəziyyətin yaxşılaşması barədə bəyanatlarına baxmayaraq ölkə boyunca YDM-lərdə avtomobillərin uzun növbələri artmaqdadır.

Reuters agentliyi yazır ki, YDM-lərin benzinsiz qalmasının bir səbəbi də panikaya düşən sürücülərin qədərindən artıq yanacaq almasıdır.

Hökumətin tənqidçiləri onu səriştəsizlikdə və Avropa İttifaqından ayrılma prosesində göstərdiyi aşırı inadkarlıqda ittiham edirlər.

Məsələ burasındadır ki, Avropa İttifaqından nəyin bahasına olursa-olsun çıxmağı məqsəd qoymuş hökumət blokun vahid bazarını da tərk edib. Bu isə Britaniyada TIR, habelə avtosistern sürücülərinin kəskin çatışmazlığına səbəb olub.

Britaniya Avropa İttifaqının üzvü olanda ağır yük maşını sürücülərinin böyük bir qismi Avropa ölkələrindən gəlirdi.

Lakin hökumət tənqidlərlə razılaşmır və çatışmazlığa görə COVID-19 pandemiiyasını səbəb göstərir.

Nazir qarantiya vermir

Britaniyanın biznes naziri Kvazi Kvartenq deyib ki, bugünlərdə 150 hərbi sürücü yanacaq avtotankerlərini idarə etməyə başlayacaq. Benzin çatışmazlığının aradan qaldırılmasına habelə hökumətin ehtiyat parkından 80 avtosistern qoşulacaq.

Kvartenq deyib ki, son günlərdə YDM-lərdəki uzun növbələrə baxmayaraq vəziyyət stabilləşməyə başlayıb.

Baş nazir Boris Conson adamları onlara lazım olandan artıq yanacaq almamağa çağırıb.

Lakin ölkədə ümumiyyətlə 100 minədək ağır yük maşını sürcüsünə ehtiyac var və başqa gündəlik tələbat mallarının da çatışmazlığı təhlükəsi yaranıb.

Ekspertlər bildirirlər ki, qarşıdan gələn Milad bayramında qiymətlərin kəskin artımı, habelə supermarket rəflərinin boş qalması gözlənilir.

Vəziyyətin yaxşılaşacağına qarantiya verirmi, sualının cavabında nazir Kvartenq heç nəyə qarantiya verə bilməyəcəyini deyib.

Lap benzin problemi həll olunsa da…

Sentyabrın 29-da səhərin erkən saatlarında artıq paytaxt London və onun ətrafındakı YDM-lərdə uzun növbələr vardı.

Sənaye qrupları problemin Londonda və ölkənin cənub-şərqində daha kəskin olduğunu deyirlər.

Bununla belə, bütün ölkədə benzin satışının üçdə ikisini idarə edən Benzin Satışı Assosiasiyası bildirib ki, onun ixtiyarında olan 8380 YDM-in 27 faizində benzin yoxdur. İki gün əvvəl bu rəqəm 90 faiz idi.

Beləliklə bu sahədə yaxşılaşma qeydə alınsa da, problemlər benzin qıtlığı ilə bitmir.

Böhranın kökündə ağır yük maşını sürücülərinin çatışmaması dayanır.

Bu üzdən ölkə supermarketlərinin rəflərində boşluq yaranmağa başlayıb.

Hökumət problemin aradan qaldırılması üçün 5 min xarici sürücüyə qısamüddətli vizaların veriləcəyini bildirib.

Britaniyanın Avropa İttifaqından ayrılmasının qızğın tərəfdarı olan baş nazir Conson bundan əvvəl qısamüddətli vizaların verilməsini istisna etmişdi.

XS
SM
MD
LG