Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:06

183 milyon nəfərə yardım üçün 41 milyard dollar lazımdır


Əfqanıstanda xəstəxanada müalicə alan uşaq

Taliban hakimiyyətə keçəndən ABŞ-ın maliyyə sanksiyaları, xarici yardımın kəsilməsi ölkə iqtisadiyyatını çökdürüb

Dünyanın 63 ölkəsində əhalinin 183 milyonluq ən həssas hissəsinə gələn il həyati əhəmiyyətli yardım üçün rekord 41 milyard dollar lazımdır. Bu müraciətlə çıxış edən BMT “ehtiyacların sürətlə artdığı” Əfqanıstandakı proqramının üç dəfə bahalandığını bildirir.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) dekabrın 2-də illik ehtiyacların qiymətləndirilməsini yayıb. Qurum bildirir ki, Əfqanıstan əhalisinin 65 faizini təşkil edən 24 milyondan çox insana həyati əhəmiyyətli yardım gərəkəcək. 9 milyona yaxın insanın isə aclıqla üzləşəcəyi gözlənir.

Nağd pulun olmaması

Taliban avqustda Kabildəki hökuməti devirəndən Əfqanıstanın çoxsaylı böhranları daha da dərinləşib. Ölkədəki quraqlıq onsuz da ərzaq təhlükəsi yaratmışdı.

Taliban hakimiyyətə keçəndən ABŞ-ın maliyyə sanksiyaları, xarici yardımın əsasən kəsilməsi ölkə iqtisadiyyatını çökdürüb. Mərkəzi bankın xaricdəki rezervləri isə dondurulub.

Nəticədə BMT agentlikləri və onların tərəfdaşları 2022-ci ildə Əfqanıstanda ən həssas təbəqə üçün 4.5 milyard dollar yığmağa çalışırlar. Bu, bir il öncəkindən üç dəfə çoxdur.

Qurumun rəhbəri Martin Qriffit Cenevrədə jurnalistlərə deyib ki, “Əfqanıstanda nağd pulun olmaması istənilən xidmətin çatdırılmasına böyük əngəldir”.

OCHA-nın hesabatına görə, Suriya, Yəmən, Efiopiya və Sudan gələn il ən çox maliyyə tələb olunan böhranlardır.

274 milyon nəfər

Gələn il dünyada 274 milyon nəfərə hansısa formada fövqəladə yardımın gərəkəcəyi bildirilir. Bu, 2021-ci ildəki rekord saydan 17 faiz çoxdur.

“Dünyanın ən həssas əhalisinə birinci növbədə iqlim böhranı təsir göstərir. Uzanan münaqişələr davam edir, Efiopiya, Myanma və Əfqanıstan kimi yerlərdə sabitsizlik artıb”, – Qriffit vurğulayıb.

“Pandemiya bitməyib və yoxsul ölkələrin vaksinə çıxışı yoxdur”, – o, sözlərinə əlavə edib.

2020-ci ildə donorlar OCHA-nın layihələri üçün 17 milyard dollar ayırmışdılar. Amma bu, BMT-nin istədiyi vəsaitin heç yarısı deyildi.

XS
SM
MD
LG