Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:55

İranlı yazıçılara azadlıq istədilər


Rza Xəndan Məhabadi, Bəktaş Abtin və Keyvan Bajən

İranda həbsdə saxlanılan yazıçılar Bəktaş Abtin, Keyvan Bajən Rza Xəndan Məhabadinin azad edilməsi üçün müraciət məktubu yazılıb. Məktubu imzalayanlar arasında Nobel mükafatı laureatları Con Maksvell Kutzee və Orhan Pamuk da var.

Yazıçılara ümumilikdə 15 il yarım həbs cəzası kəsilib. Onların həbs cəzası 2020-ci ilin sentyabrında Tehranın Evin həbsxanasında başlayıb. Yazıçılar birliyi olan "PEN America" təşkilatı bununla bağlı bəyanatında onların saxta milli təhlükəsizlik və təbliğat ittihamları ilə həbs olunduğunu bildirib.

Bütün yazılar müsadirə olunub

Həbsxanaya salınandan bəri AbtinXəndan Məhabadi COVID-19-a yoluxublar. Abtin şair, ssenarist və kinorejissordur. Bajən romançı və jurnalist, Xəndan Məhabadi isə yazıçı və ədəbi tənqidçidir. PEN 2015-ci ildə onların evlərinə polis reydi təşkil edildiyini, bütün yazılarının müsadirə olunduğunu bildirib. Yazıçılar 2019-cu ildə məhkəmə qarşısına çıxarılıb, İslam İnqilab Keşikçiləri Məhkəməsi onların hər birinə "təbliğat" və "milli təhlükəsizliyə zidd" hərəkətlərə görə həbs cəzası kəsib.

Abtin həm də İran Yazıçılar Birliyinin üzvüdür. 2015-ci ildəki polis reydi zamanı onun evindən minədək sənəd – film videoyazıları, şeirlər, əlyazmalar və ailə fotoları müsadirə edilib. Bundan başqa, mobil telefon, noutbuk və Yazıçılar Birliyi ilə bağlı sənədlər də götürülüb.

İran Yazıçılar Birliyinin tarixçəsi

Hökumətin təzyiq və təqibləri ilə üz-üzə qalan İran Yazıçılar Birliyi yazıçı, tərcüməçi və redaktorların ittifaqıdır. Qurum "PEN International" təşkilatı ilə əməkdaşlıq edir. Birlik rəsmən 1968-ci ildə yazıçıları senzuraya qarşı mübarizədə birləşdirmək məqsədilə yaradılıb. Qurumun yaranmasından bəri, xüsusilə də 1980-ci və 90-cı illər ərzində onun üzvləri dövlətin mütəmadi repressiyaları ilə üzləşiblər. Məhəmməd Cəfər Puyəndə və Məhəmməd Muxtari kimi birlik üzvlərinin isə İranın Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən qətlə yetirildiyi bildirilir.

Onlarla yazıçı məktubda İran prezidenti İbrahim Rəisini yazıçıları azadlığa buraxmağa, onlara qarşı başlanan saxta cinayət işinə xitam verməyə çağırır. Eyni zamanda, özünü azad şəkildə ifadə edən etmək hüququndan istifadə edən bütün yazıçılara qarşı rəsmi təqibə son qoyulması tələb olunur. Məktubu imzalayanlar arasında Conatan Franzen, Marqaret Etvud, Coys Kerol Outs və Xalid Hüseyni, habelə dramaturqlar Tom Stoppard və Ariel Dorfman da var.

Məktubu imzalayanlar içində aktyorlar da var

"İran dövlətinin İran yazıçı, şair və mütəfəkkirlərinin ifadə azadlıqlarına hörmət etməsinin və İranın rəngarəng ədəbi ictimaiyyətinin zəngin ənənələrini tanımasının vaxtı gəlib çatıb", – "PEN America"nın hazırladığı məktubda deyilir. Məktubu tanınmış aktyorlar Meril Strip və Alek Bolduin, yazıçılar Elis Sibold və Kolm Toybin, karikaturaçı rəssam Art Şpiqelman da imzalayıb.

Həbs edilmiş üç yazıçı oktyabrın 5-də "PEN/Barbey" Yazmaq Azadlığı Mükafatına layiq görülüb.

XS
SM
MD
LG