Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:30

Azərbaycanda koronavirusun Delta ştammı aşkarlanıb


İllüstrativ foto

Azərbaycanda 31 nəfərdə koronavirusun Delta ştammı aşkarlanıb

Bu barədə iyulun 13-də Səhiyyə Nazirliyi, İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur.

Açıqlamaya görə, ölkədə epidemioloji vəziyyətin nəzarətdə saxlanması üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair analizlər aparılır:

"...Son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub. Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərmişdir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır... "

Qorunmağın yeganə yolu

Bildirilir ki, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanması, maskalardan istifadə və əllərin təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, normal həyata qayıtmağın yeganə yoludur.

Delta ştammının son dönəmlər dünyanın bir çox ölkələrində aşkarlanmasından narahatlıqla bəhs edilir. Onun daha sürətlə yayıldığı ehtimal edilir.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib.

Ölkədə əsasən Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb. Bu şirkətə 9 milyon doza sifariş verildiyi bildirilir. İndiyə kimi ölkədə birinci mərhələdə 4,1 milyon, hər iki mərhələdə isə 1,6 milyon şəxsin peyvənd edildiyi açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə ümumilikdə 337 min 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 988 nəfərinin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG