Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 12:59

ABŞ Çini yenə də ‘soyqırımda’ ittiham edir


Urumçi şəhərindəki məscid

Birləşmiş Ştatlar uyğurlarla və başqa etnik və dini azlıqlarla rəftarına görə Çini yenidən soyqırımda ittiham edib.

Bu ittihamlar iyulun 12-də, Birma, Eritreya və Cənubi Sudana qarşı, onların münaqişələr zamanı həyata keçirdikləri etnik təmizləməyə görə sanksiya xəbərdalığı ilə birgə səsləndirilib.

Bu bəyanatlar Bayden administrasiyasının Konqresə göndərdiyi “soyqırımın və qətliamların qarşısının alınmasına dair Dövlət Departamentinin illik hesabatının” bir hissəsidir.

Administrasiyanın sənədlərində deyilir:

“Bu administrasiya dünya boyunca insan haqlarını qoruyacaq və müdafiə edəcək, habelə qırğınların qarşısının alınmasını özünün milli təhlükəsizlik marağı və təməl mənəvi məsuliyyəti hesab edir”.

1 milyonadək uyğuru və Sintzyan regionundakı başqa müsəlman azlıqları siyasi “təkrar tərbiyələndirmə” məqsədilə düşərgələrdə saxladığına görə Çin indiyədək beynəlxalq tənqidlərlə üzləşib və ona qarşı sanksiyalar elan edilib.

Çin israr edir ki, bunlar düşərgə yox, “peşə təhsili mərkəzləridir və onlardan məqsəd insanları terrorizmdən qorumaqdır”.

Dövlət Departamentinin hesabatında deyilir ki, Çin rəsmiləri etnik azlıqları həbs, işgəncə, məcburi qısırlaşdırma və başqa təqib üsullarına məruz qoyublar.

Trampın başlatdığı siyasət

Bundan əvvəlki prezident Donald Trampın administrasiyası Çini uyğurlara və başqa qruplara qarşı soyqırım həyata keçirməkdə ittiham etmişdi.

Co Baydenin administrasiyası bu siyasəti davam etdirib və Avropa İttifaqı, Britaniya və Kanadaya qoşularaq Pekinə qarşı sanksiyalar elan edib.

İyulun 12-də açıqlanmış hesabatda deyilir ki, dövlət katibi Entoni Blinken “Çin Xalq Respublikasını Sintzyanda yaşayan uyğurlara və başqa etnik qruplara qarşı soyqırım və bəşəriyyətə qarşı cinayətlərdə ittiham edib”.

Ötən həftə Avropa Parlamenti Avropa İttifaqının üzv ölkələrini Çinin insan haqlarını pozmasına görə bu ölkədə keçiriləcək 2022-ci il Qış Olimpiadasını boykot etməyə çağıran qətnamə qəbul etmişdi.

Dövlət Departamenti habelə Myanma kimi tanınan Birmaya, onun Rohinca müsəlmanları ilə rəftarına görə soyqırımda ittiham olunacağı barədə xəbərdarlıq edib.

ABŞ bildirir ki, Vaşinqton Birmada fevral ayında çevriliş yolu ilə hakimiyyətə gəlmiş hərbi hökumət üzərinə, onun repressiyaları dayandırması üçün təzyiq göstərilməsində partnyorları ilə əməkdaşlıqda hərəkət edəcək.

XS
SM
MD
LG